Əlləri hər yerdən üzülən ermənilər Qarabağda müxtəlif təxribatlar törətməklə diqqət cəlb etmək niyyətindədirlər. Dünyanı acından ölmələri barədə yalan informasiya ilə təngə gətirən ermənilərin məqsədi tamam başqadır. Onlar anti-Azərbaycan təbliğatı aparmaqla ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Həmçinin Ermənistan müxtəlif dini icmaların nümayəndələrindən də istifadə edərək öz çirkin planını onların üzərindən qurmağa çalışır.
Qarabağda rus icması nümayəndələri ilə erməni apostol kilsəsi nümayəndələrinin görüşü keçirilib. Guya Qarabağda rus icması da var və “acından ölənlər”in siyahısında onlara da rast gəlinir. Guya yerli rusların da etnik təmizlənməyə məruz qalmasından narahat olan “rus icması”nın “rəhbəri” rusların bu ərazidən köçəcəyindən narahatdır. Bununla yanaşı, Qarabağdakı qondarma “rus icması” Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini açıqlayıb. Eyni gündə Rusiya Müdafiə Nazirliyi Azərbaycanı Şuşada “atəşkəsi pozmaqda” ittiham edib. Bu, uzun müddətdən sonra Rusiya MN-dən ilk belə ittihamdır.
Bütün bunların eyni vaxtda baş verməsi nə deməkdir?
“Rusiya görür ki, Qarabağda “humanitar böhran” şousu ilə əlaqədar bəzi Qərb ölkələrinin Azərbaycana təzyiqləri artır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, bütün bunların eyni vaxtda baş verməsi təsadüf olmasa da, düşündürücüdür: “Bəlli məsələdir ki, sözügedən proseslər Moskvadan idarə olunur. Qarabağda qondarma olan “rus icması”nın əsası 1999-cu ildə qoyulub. O vaxt ərazilərimiz işğal altında olduğu üçün, Qarabağda Rusiya hərbi qüvvələri olmadığından bu məsələ aktual deyildi. Çünki Rusiya və Ermənistanda belə bir əminlik var idi ki, onsuz da Azərbaycan Qarabağı geri qaytara bilməyəcək. Ancaq 2020-ci ildə baş verən Vətən müharibəsi bütün gözləntiləri alt-üst etdi. Rusiya müharibə zamanı Qarabağdan qaçan erməniləri geri qaytarmaq üçün bütün vasitələrdən istifadə etdi. Sülhməramlılar Qarabağa yerləşəndən sonra qondarma “rus icması” məsələsi yenidən ortalığa atıldı. Bununla paralel, Rusiya Dumasında təmsil olunan bəzi ermənipərəst deputatların Qarabağa qanunsuz səfərlərinə şərait yaradıldı. Onlar da öz növbəsində bir sıra təxribatçı açıqlamalarla çıxış etdilər. Düzdür, aprelin 23-də Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurması bu kimi qanunsuz səfərlərə son qoyub. Üstəlik, son günlər Rusiya pasportu olan ermənilər Qarabağı tərk edirlər. Ancaq bütün bunlar o demək deyil ki, Rusiya Qarabağdakı oyunlardan əl çəkib. Təbii ki, belə deyil. Rusiya görür ki, Qarabağda “humanitar böhran” şousu ilə əlaqədar bəzi Qərb ölkələrinin Azərbaycana təzyiqləri artır. Fikrimcə, Moskva da bundan istifadə edərək öz məqsədləri üçün istifadə etməyə cəhd edir. Bu yolla Azərbaycana təzyiq edib öz xeyrinə hansısa güzəştlər qoparmaq istəyir. Rusiyanın başı Ukraynaya qarışsa da, Cənubi Qafqazda gedən proseslərdən kənarda qalmaq istəmir. Ona görə də ara-sıra qondarma “rus icması” məsələsini ortaya atır. Bu da Rusiyanın imperiya siyasətindən irəli gəlir”.
Vidadi ORDAHALLI