Məlum olduğu kimi, Fransa şəhərləri 10 TIR-la Qarabağ erməniləri üçün “humanitar yardım” göndərib, hətta “yardımı” Paris meri şəxsən müşayiət edir. Bundan əvvəl – 26 iyulda Ermənistan 19 TIR-la 361 tonluq yardım göndərmişdi, sonra 2 TIR da əlavə olundu. İndi sərhədimizdə 31 TIR sıralanıb.
“Humanitar mərkəz” qurmağa başlayıblar, sərhədimizdə geniş şou başladıblar: Bütün dünyaya göstərmək istəyirlər ki, bu qədər yük gəlib sərhədə, ancaq Azərbaycan buraxmır, Qarabağdakı ermənilərə qarşı “soyqırım” törədir və s.
Fransa – BMT TŞ-nin daimi üzvü, nüvə gücü, dünyanın ən qüdrətli ölkələrindən biri bu qədər ucuz şouya qoşularkən nələri unudur? Dünyada, xüsusilə də Fransanın müstəmləkəçilik siyasətini həyata keçirdiyi Afrikada kifayət qədər ac ölkə olduğu halda, rəsmi Paris belə səyləri niyə onlarla bağlı etmir?
Politoloq Əhəd Məmmədli bu sualın cavabını “Bakı-Xəbər”ə şərh edərkən belə bir sualla müraciət edir: “Bu nüvə ölkəsi niyə belə şou edir?” O bu qənaətdədir ki, nüvə silahına malik olan bu qədər ölkələr şou ilə məşğuldur: “Son yüzildə ABŞ Vyetnamda dinc əhaliyə qarşı qaz istifadə etdi. İndi də Vyetnamda qaz istifadə edilən ərazilərdə uşaqlar anadan xəstə doğulur. Amma həmin ölkə özünü demokratiya, insan hüquqları carçısı elan edib dünyada. Rusiya Çeçenistanda sivil şəhərlərə qarşı xüsusi bombalar istifadə edirdi ki, müqaviməti tez qırsın. İndi də guya Ukraynada nasizmə qarşı mübarizə aparır. Amma dünyada ən böyük nasist dövlət də özləridir. Çinin uyğur türklərinə qarşı etdiyi siyasəti Hitler Almaniyası yəhudilərə qarşı etməyib. Onlar həm də uyğur türklərinə qarşı mənəvi terror edirlər. Hər uyğur ailəsinə kişi cinsindən tərbiyəçi yerləşdirirlər ki, guya onları tərbiyə etsin. Bu biabırçılığın ikinci bir analoqu yoxdur. Bütün bunlara təəccüblənmək lazım deyil. Azərbaycan üçün ciddi təhlükə kimi də qəbul etmək lazım deyil. Mən düşünmürəm ki, Fransa Ermənistanla münaqişəyə, Qarabağda baş verənlərə ciddi təsir edə bilər. Makron əsasən ona səs və pul verən erməni diasporasına oynayır, göstərməyə çalışır ki, guya əlindən gələni edir. Ermənistanın yeganə müdafiəçisi Fransadır. Çünki Cənubi Qafqazla bağlı ciddi hədəfləri, məqsədləri var. Misal üçün, bu yaxınlarda Gürcüstanda “Frankofoniya” təşkilatının görüşü keçirildi. “Frankofoniya” keçmiş Fransa müstəmləkələrini birləşdirən bir təşkilatdır və Müstəqil Dövlətlər Birliyindən fərqli olaraq, onu quranların mənafelərinə görə daha səmərəlidir. Burada bir sual ortaya çıxır: Gürcüstan heç zaman Fransanın müstəmləkəsi olmayıb. Amma həmin ölkədə Fransa ilə bağlı maraqlı məqamlar üzə çıxır. Gürcüstan prezidenti Fransa vətəndaşı olub, baş nazirinin də Fransa ilə ciddi əlaqələri olub, indi də var. Gürcüstanda digər nazirlərin, hökümət adamlarının Fransa keçmişi var. Eynən Ermənistanla Fransa əlaqələri də aydın məsələdir. Bu addımlar Fransanın ermənilərdən ibarət daxili auditoriyasına qurduğu bir oyundur. Azərbaycana ciddi təsiri olacağını düşünmürəm. Amma Azərbaycan da çalışmalıdır ki, Qərb dünyasında özünə ciddi dayaqlar axtarsın, tapsın. Hansı yolla olursa - olsun, bu dayaqları özü üçün təşkil etməlidir ki, sabah Fransa kimi ölkələrin diplomatik meydanda qarşısını ala bilək. Fransa belə humanistdirsə, bu cür addımları soyqırım həyata keçirərək, özünə müstəmləkə qurduğu Afrika ölkələrinə qarşı həyata keçirsin. Təbiidir ki, bunu etməyəcək, çünki səmimi deyil”.
Məhəmmədəli QƏRİBLİ