Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə jurnalistin sualını cavablandırarkən deyib ki, Fransa Bakı ilə İrəvan arasında münasibətləri normallaşdırmaq üçün həyata keçirdiyi vasitəçilik səylərində hər iki tərəfin mövqeyini nəzərə almalıdır:
“Biz dəfələrlə demişik ki, bir tərəfdən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Rusiyanın səylərinə əks olmayan, onları təkrarlamayan, bu səyləri pozmayan bütün təşəbbüsləri alqışlayırıq. Digər tərəfdən isə, Fransanın bu istiqamətdə fəallığı bizə yaxşı məlumdur. Bu cür vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfinin, yəni həm Azərbaycan, həm də Ermənistanın ilk növbədə mövqeyini nəzərə almaq lazımdır. Bunlarsız vəziyyətin nizamlanmasında hər hansı irəliləyişə ümid etməyə dəyməz. Bu, bütün vasitəçiliyin alfa və omeqasıdır”.
Zaxarovanın bu yanaşmasını Fransaya etiraz kimi qəbul etmək olarmı?
Politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Zaxarovanın verdiyi bu açıqlamadan belə məlum olur ki, Zaxarova Fransaya açıq şəkildə “bu məsələ bizim özümüzə aiddir” demək istəyir: “Yəni çatdırır ki, bu, Cənubi Qafqazla Rusiya arasında olan prosesdir, sənin burda yerin yoxdur. Həmçinin, Fransaya çatdırır ki, “sən çalışırsan özünü bölgəyə gətirəsən, ancaq bu mümkün olmayacaq”. Rusiya burada əlavə oyunçuları istəmir. İkinci bir tərəfi də var bunun. Zaxarova həm də onu bildirdi ki, Fransa tərəfləri, xüsusilə də Azərbaycanı başa düşmür. Rusiya yaxşı başa düşür ki, Azərbaycan bu məsələdə prinsipialdı, istənilən neqativ addımın nəticəsi ona baha başa gələ bilər. Rusiya bunu bilə - bilə onu qeyd etməyə çalışır ki, bölgəni Fransa yaxşı tanımır. Bölgəni tanıyan, bu prosesdə iştirak edən Rusiyadır. Fransanın yanlış addımı Rusiyanın da bugünkü prosesdə roluna təsir edə bilər. Yəni bildirmək istəyir ki, hər hansı artıq hərəkət bütün prosesi poza bilər. Mən hesab edirəm ki, Rusiya dominantlıq etmək istəyir, amma o da alınmır. Həmçinin, Türkiyə amili də var. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, bu gün ölkə ilə bağlı baş verən hadisə, Fransanın mövqeyini ortaya qoyması Rusiyanın özünü də narahat edir. Rusiya Fransanı Ermənistanla da uzaqlaşdırmağa çalışır. Ona görə də cəhdlərini artırır. Amma hər halda, prosesin sonunun nə yerə gəldiyini görəcəyik. İndiki halda, Rusiya mümkün qədər çalışır ki, birinci Fransanı Qarabağ ermənilərindən, ikinci də Ermənistandan uzaqlaşdırsın”.
Bir sözlə, Rusiyanın bu mövqeyindən belə nəticə çıxır ki, Fransanın yardım şousuna etiraz etsə də, özü də obyektiv ola bilmir. Moskvanın bölgədəki hegemonluq marağı buna imkan vermir.
Məhəmmədəli QƏRİBLİ