Artıq birinci dəfə deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə Rusiya erməni təxribatçı jurnalistləri arasında sözlü qarşıdurma yaşandığının şahidi oluruq. Belə ki, bu təxribatçılar Rusiya qurumlarının nümayəndələrinin Azərbaycan əleyhinə hər hansı fikir səsləndirməsi üçün dəridən-qabıqdan çıxırlar.
Erməni jurnalist bu dəfə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovaya Rusiyanın Azərbaycan nümayəndələri ilə Azərbaycanın Qarabağ ərazisindəki erməni əhali arasında görüş keçirmək təklifi ilə bağlı sual verərək, bu zaman erməni azlığın nümayəndələrinin saxlanılmayacağına zəmanət məsələsini qaldırıb. Zaxarova bildirib ki, razılaşmaların icrası bunun təminatıdır: “İnterpretasiya ilə, yeni konstruksiyalar icad etməklə, üçüncü tərəfləri cəlb etməklə məşğul olmaq lazım deyil”.
Onun sözlərinə görə, razılaşmaların icrasında qeyri-dürüstlük olduqda artıq zəmanət barədə düşünmək olmur. Hiddətlənmiş erməni jurnalist Zaxarovadan Ermənistanın məhz hansı razılaşmaları pozduğunu soruşub. Zaxarova isə cavabında bildirib ki, pozuntudan bəhs etmir, sadəcə, razılaşma şərtlərini icra etməyin lazım olduğunu deyir. Zaxarova İrəvan üçün mühüm məsələ ilə bağlı Ermənistanın mövqeyinin əsaslı şəkildə dəyişdiyini qeyd edib.
Maraqlıdır, Emənistanın mövqeyində əsaslı dəyişikliklərin olduğunu deyərkən Zaxarova nəyi nəzərdə tutur?
“Çox güman ki, Rusiyanın vasitəçiliyi ilə hansısa qarşılıqlı razılaşma əldə olunub, sonra Ermənistan bunu pozub”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən media eksperti Yadigar Məmmədlinin fikrincə, çox güman ki, Ermənistan Rusiyanın vasitəçiliyi ilə üzərinə götürdüyü hansısa razılaşmanı pozub: “Əvvəla, erməni jurnalistlər zaman-zaman bu kimi tədbirlərdə pressinq mövqeyindən çıxış edirlər. Görəndə ki, hansısa ölkə rəsmisi onların mövqeyini ifadə etmir, o dəqiqə təxribatçı suallar verirlər. Bu birinci dəfə deyil baş verir. Bəlli məsələdir ki, Zaxarova Rusiyanın maraqlarını ifadə edir. Rusiyanın maraqları nədir? Moskvanın siyasəti odur ki, Cənubi Qafqaz onların təsir dairəsində olsun. Kreml istəyir ki, Qarabağ tənzimlənməsində Qərb təşəbbüsü ələ almasın. Reallıq isə ondan ibarətdir ki, Ermənistan Qərbə doğru reveranslar edir. Xüsusən də İrəvanın Fransaya stavka etməsi elementləri özünü daha çox göstərir. Avropa monitorinq missiyasını sərhədə gətirən Ermənistan KTMT-ni yaxın buraxmır. Rusiya nə qədər israr etsə də, buna nail ola bilmir. Zaxarova informasiyaya malik olan bir personadır. Çox güman ki, Rusiyanın vasitəçiliyi ilə hansısa qarşılıqlı razılaşma əldə olunub, sonra Ermənistan bunu pozub. Söhbət kommunikasiyaların açılması ilə bağlı razılaşmalardan gedə bilər. Çünki bir müddət əvvəl belə məlumatlar yayıldı ki, erməni tərəfi Ağdm-Xankəndi yolundan istifadə olunmasına razılıq verib. Lakin daha sonra bu razılaşmanı pozublar. Rusiya Ermənistanın razılaşmalara əməl etməməsini Qərb ölkələri ilə əlaqələndirir. Ola bilsin ki, ilkin mərhələdə bizə məlum olmayan məsələlərlə bağlı hansısa prinsipial razılaşma əldə olunub. Daha sonra Ermənistan öhdəliklərini yerinə yetirməkdən imtina edib. İstənilən halda, Zaxarovanin bu eyhamı təsadüfi deyil. Görünən odur ki, razılaşmanı pozan tərəf Ermənistan olub”.
Vidadi ORDAHALLI