Ermənistan və Fransanın yalan üzərində qurulan təbliğat kampaniyasına, əfsuslar olsun ki, Almaniyanın bəzi siyasi dairələri də ortaq olur və real həqiqəti görmək istəmirlər. Baxmayaraq ki, Almaniya Avropa İttifaqında aparıcı mövqeyə malikdir.
Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot bəyan edib ki, Dağlıq Qarabağda humanitar fəlakət qaçılmazdır, o üzdən Avropa Şurasının Dağlıq Qarabağa “tanışlıq” missiyasını göndərmək, eləcə də Aİ missiyasını Azərbaycan ərazisinə genişləndirmək lazımdır. O iddia edib ki, guya Qarabağda “real humanitar fəlakət və etnik təmizləmə təhlükəsi” var: “Humanitar fəlakət və etnik təmizləmə qaçılmazdır. Beləliklə, Azərbaycan kövrək Ermənistan-Azərbaycan sülh prosesini və Cənubi Qafqazda təhlükəsizliyi təhdid altına qoyur. Avropa İttifaqı və Almaniya susmamalıdır, Azərbaycan blokadanı dərhal aradan qaldırmalıdır. Bizə Avropa Şurasının Dağlıq Qarabağda “fakt-araşdırıcı” missiyası lazımdır. Aİ-nin Ermənistandakı missiyası (EUMA) gücləndirilməli və Azərbaycanın dövlət ərazisinə də yayılmalıdır”.
“Əfsuslar olsun ki, bu gün Almaniyada erməni lobbisinin əlində alətə çevrilən siyasi dairələrin sayı artır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Ceyhun Məmmədovun fikrincə, Ermənistanla Fransanın başlatdığı oyuna Almaniyanın qoşulması təəssüf doğurur: “Əfsuslar olsun ki, bu gün Almaniyada erməni lobbisinin əlində alətə çevrilən siyasi dairələrin sayı artır. Bu, əslində onu göstərir ki, burada hədəf və məqsəd tamamilə başqadır. Bu gün əsas hədəf və məqsəd də Azərbaycana qarşı müəyyən təxribatların törədilməsidir. Eyni zamanda, beynəlxalq müstəvidə Azərbaycanın imicini qaralamaqdır. Son vaxtlar bu kimi elementlər daha çox özünü göstərir. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda hansısa humanitar böhran və fəlakətdən söhbət gedə bilməz. Bu, daha çox Azərbaycana qarşı həyata keçirilən bir təxribatdır. Fransa, Almaniya və ermənipərəst mövqedən çıxış edən dairələr bilməlidilər ki, bu kimi addımlar Azərbaycanın mövqeyinə, yanaşmasına heç cür təsir edə bilməz. Azərbaycan sona qədər öz mövqeyini qoruyacaq və kimsə bizi təzyiqlə nəyəsə məcbur edə bilməyəcək. Təəssüflə qeyd edə bilərik ki, bu gün bu prosesi biz Almaniyanın nümunəsində görə bilirik. Əfsuslar olsun ki, bu ölkələr Ermənistana yanlış vədlər verirlər. Hər fürsətdə Ermənistanı yanlış istiqamətdə yönləndirirlər. Almaniya anlamalıdır ki,bu kimi cəhdlər, təxribatlar Azərbaycanın mövqeyini, qətiyyətini, prinsipial yanaşmasını heç bir halda dəyişə bilməz. Bu, bir daha Qərbin ikili standartlardan çıxış etdiyini göstərir. Ancaq qeyd etdiyim kimi, bütün bunlar nəyisə dəyişə bilməyəcək”.
Vidadi ORDAHALLI