Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə ötürmək üçün Ağdama 2 avtomobil humanitar yük göndərməsi ilə Xankəndidəki rus sülh hərbçilərinin komandanının dəyişdirilməsi çox az zaman fərqi ilə demək olar üst-üstdə düşdü və bu olduqca təəccüblü göründü.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Azərbaycan rəsmiləri Xankəndi ermənilərinin humanitar yükü qəbul etmələri üçün rus komandanlığının müdaxiləsini xahiş etsələr də, komandanlığın vakant olması səbəbindən hər şey yerində donmuş vəziyyətdə qalmaqdadır. Köhnə general Lentsov gedib, yenisi gəlməyib, komandanın səlahiyyətlərini kimsə rəsmən öz üzərinə götürməyib, rus hərbçilərinin alibisi var ki, komandan olmadığı müddətdə bu məsələyə müdaxilə edə bilmərik. Beləliklə, ərazidə vasitəçi tərəf olmadığı üçün yüklər Ağdamda gözləməkdə, ermənilər Ağdam-Xankəndi yolunu bloklamaqda, sülhməramlılar isə yeni generalı gözləməkdədir.
Sülhməramlıların komandanını məhz bu günlərdə dəyişmək lazım idi? Dəyişiklik daha əvvəl, ya daha sonra baş verə bilməzdimi? Bəlkə Ağdamda humanitar yükün ətrafında müddətsiz qeyri-müəyyənliyin yaranması üçün rus general qəsdlə bu günlərdə yola salındı?!
Ağdamda humanitar yükün ətrafında indiki qeyri-müəyyən vəziyyət Moskva və İrəvana lazımdırsa, deməli, rus sülhməramlıları hələ bir müddət generalsız qalacaq. Çünki yeni general gələn kimi Azərbaycanın Ağdam-Xankəndi yolunun başlanğıcına humanitar yük göndərməsi məsələsinə konkret münasibət bildirməlidir. Ya ermənilərə deməlidir ki, yardımı qəbul edin və Azərbaycan da söz verdiyi kimi 24 saat ərzində Laçın-Xankəndi yolunu açsın, ya da Azərbaycanın yardımı Xankəndiyə daxil edilməyəcək... Hələlik isə məlum deyil ki, Kreml hakimiyyəti bu variantlara uyğun konkret mövqe bildirməyə hazırdır, ya hazır deyil. Təhlillər göstərir ki, Moskva həm Laçın tərəfdən, həm də Ağdamdan Xankəndiyə daxil olmaq üçün gözləyən yüklərlə bağlı indiki donmuş və qeyri-müəyyən vəziyyətin bir müddət qalmasında maraqlıdır...
Təsəvvür edək ki, ermənilər Ağdamdan yardımı qəbul etdi və ardınca 24 saat sonra Azərbaycan Gorusdan gələn yardımı Xankəndiyə buraxdı. Bu artıq iki tərəf arasında az qala tam etimad mühitinin yaranması demək olacaq. Moskvaya bu sərf edirmi? Etimad quruculuğu prosesi başlayandan sonra bölgədə sülhməramlılara nə qədər ehtiyac qalacaq?!..
Xankəndidə yeni rus generalının kimliyi və gəliş vaxtı tezliklə həll olunmaya bilər...
Tahir TAĞIYEV