Məlum olduğu kimi, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. 40 ton un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir.
Ermənistan hakimiyyəti başda olmaqla, Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb. Guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Azərbaycan məlum addımı ilə bir daha erməni tərəfini ifşa edərək fakt qarşısında qoydu.
Ümumilikdə, Azərbaycanın bu qərarı bir sıra məsələlər baxımından çox düzgün addımdır. Ən azından diqqəti Laçın yolunun başlanğıcında dayanan yük maşınlarından yayındırmaq nöqteyi-nəzərindən əhəmiyyətli addımdır. Başqa nə kimi əhəmiyyəti var? Bütövlükdə, Azərbaycanın erməni əsilli sakinləri üçün humanitar yardım göndərməsi necə bir gedişdir? Bunun nə kimi təsirləri və Azərbaycana faydası olacaq?
“Bu, bəzi xarici təzyiqlərin neytrallaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, bir sıra nöqteyi-nəzərdən bu addımın mühüm əhəmiyyəti var: “Əvvəla, neçə müddət idi Ermənistan və erməni lobbisi bütün təbliğat resurslarını işə salmışdılar ki, guya Azərbaycan Qarabağ ermənilərini təcrid edib. Guya Azərbaycan alternativ vasitələrin işə salınmasına imkan vermir. Əfsuslar olsun ki, erməni lobbisinin təsiri altında olan bəzi aparıcı media vasitələri də bu yalanlara ortaq olurdular. Halbuki, Azərbaycan Laçın yolu ilə bağlı şərtlərini bəyan edərkən Ağdam-Xankəndi yolunu təqdim etdi. Özü də bu yol məsafə baxımından daha qısa və əlverişli idi. Ancaq bəlli olduğu kimi, ermənilər öz xislətlərinə xas olaraq vəziyyəti süni şəkildə gərginləşdirmək yolunu tutdular. Yəni Ağdam yolundan imtina edərək vəziyyəti dramatikləşdirməyə cəhd etdilər. Ancaq bu dəfə də seytnot duruma düşdülər. Azərbaycan 40 ton humanitar yardım göndərməklə bütün dünyaya sübut etdi ki, Qarabağdakı erməni sakinlərə sahib çıxır. Özü də sözdə yox, praktiki olaraq əməldə. Dünya gördü ki, separatçıların hay-küyü şou xarakterlidir. Belə olan halda Ermənistanın və onun himayədarı Fransanın da planları baş tutmadı. Bəlli oldu ki, sözügedən dövlətlərin bu kampaniyada öz məqsədləri var. Xüsusən də Fransa erməni separatçılarından öz geosiyasi məqsədləri üçün istifadə edir. Onlarda belə bir əminlik yaranıb ki, Rusiya Ukrayna müharibəsindən çökmüş vəziyyətdı çıxacaq. Bu da Rusiyanın Ermənistanı tərk etməsi ilə nəticələnəcək. Əvəzində yaranan boşluğu Fransa dolduracaq. Parisin məlum canfəşanlığı, Makronun ermənidən çox erməni kimi davranması həm də buna hesablanıb. Ancaq Azərbaycanın Ağdam-Xankəndi yolunu təklif etməsi və 40 ton humanitar yardım göndərməsi bu planları pozdu. Ermənistanı və himayədarlarını fakt qarşısında qoydu. Bu, bütün dünyaya onu sübut etdi ki, Azərbaycan kimliyindən asılı olmayaraq bütün vətəndaşlarına sahib çıxır. O da bəlli oldu ki, Xankəndidə ərzaq və digər məhsulların qıtlığı yoxdur. O baxımdan hesab edirəm ki, bu qərar beynəlxalq müstəvidə ölkəmizin mövqelərini daha da möhkəmləndirəcək. Bu, bəzi xarici təzyiqlərin neytrallaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir”.
Vidadi ORDAHALLI