Uzun müddət Ermənistanın xarici siyasətinə rəhbərlik edən sabiq xarici işlər naziri Vardan Oskanyan BMT Təhlükəsizlik Şurasında heç bir sənədin qəbul edilməməsinə toxunaraq, bunu Ermənistan üçün çox ciddi məğlubiyyət adlandırıb.
TŞ-dən gözləntiləri böyük olan erməni xalqının dünya birliyindən rədd cavabı alması Oskanyanı qayğılandırır. O qeyd edib ki, növbəti dəfə qətnamənin qəbul olunması real görünmür: “Erməni cəmiyyəti ümidlərlə BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını gözləsə də, toplantı bizim üçün məyusluqla başa çatdı. Heç bir qətnamə və ya bəyanat qəbul olunmadı. Bundan sonra da Azərbaycanı Laçın yolunu açmağa məcbur edəcək qətnamənin olub-olmayacağı sual altındadır”.
Nəzərə alsaq ki, Oskanyan təcrübəli diplomatdır, o zaman onun BMT ilə bağlı dəyərləndirməsini Ermənistanın ciddi diplomatik uğursuzluğu hesab etmək olarmı?
“Ona görə də Laçın yolunun açılması ilə bağlı cəhdlər mənasızdır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa hesab edir ki, Ermənistan BMT-də diplomatik uğursuzluqla üzləşməsi faktdır: “Sabiq xarici işlər naziri Vardan Oskanyanın açıqlaması, təbii ki, reallığı əks etdirir. Həqiqətən də bu, onlar üçün diplomatik uğursuzluq idi və BMT Ermənistanın nazı ilə oynamadı. Düzdür, avqustun 16-da BMT-də hansısa qətnamənin qəbul olunması nəzərdə tutulmamışdı. Ancaq BMT-də hansısa bəyanat qəbul edilsəydi belə, bu bizim ziyanımıza olardı. Ən azından ermənilər bundan piar məqsədi ilə istifadə edərdilər. O cümlədən, bu, Paşinyan hakimiyyətinin aktivinə yazılacaqdı. Ancaq istənilən halda ermənilərin gözləntiləri özünü doğrultmadı. Fakt odur ki, BMT-də müzakirələrin nəticəsində ermənilər isdədiklərini ala bilmədilər. Bu, çox önəmli hadisə idi. Nəhayət BMT-nin obyektiv mövqe tutması, ikili standartlardan uzaq mövqe sərgiləməsi vacibdir. Bu baxımdan ermənilərin indiki məqamda diplomatik uğursuzluqla üzləşmələri önəmli əhəmiyyət kəsb edir. Digər tərəfdən, məsələ ondadır ki, dünya birliyinin, böyük güclərin sadəcə olaraq prioritetləri, paradiqmaları dəyişib. Artıq ermənilərin himayə edəcək siyasət gündəmdə deyil. Yəni dünyanın, böyük güclərin qayğıları başqadır. Bir sözlə, dünyada tamam başqa proseslər gedir. Ona görə də hesab edirəm ki, ermənilər hələ çox təəssüflənəcəklər, çox mütəəssir olacaqlar. Çünki ermənilər alışmışdılar ki, onları himayə edəcəklər, hamı onlara diqqət və qayğı göstərəcək. Bunlar da Azərbaycan tərəfinə istədikləri qədər haqsızlıq edəcəklər. Ancaq bəlli olduğu kimi, onların planları alınmadı. Ən azından ona görə ki, artıq o dönəm keçir. Ermənistanın himayə olunması, subyektiv, əsassız olaraq dəstəklənməsi dönəmi keçir. Ona görə də Laçın yolunun açılması ilə bağlı cəhdlər mənasızdır. Çünki beynəlxalq hüquq baxımından Azərbaycan haqlıdır. Çünki Azərbaycan öz dövlət sərhədlərini qorumağa və ölkə ərazisinə gələcək hansısa xarici dövlətə məxsus nəqliyyat vasitələrinin haradan və necə keçməsinə özü müstəqil qərar verir. Ona görə də buna kimsə müdaxilə edə bilməz. Aclığa məhkum olan toplum şərt irəli sürürsə, bu o deməkdir ki, onların belə bir problemi yoxdur. Yəni ermənilərin yalan-palanı əsassızdır və doğrudan da hansısa problem yoxdur. Sadəcə olaraq, öz separatçı əməllərini həyata keçirmək istəyirlər ki, bu da qəbulolunmazdır”.
Vidadi ORDAHALLI