Ermənistanın dövlət məktəblərində fars dili tədris olunacaq. Azərbaycandilli erməni mediasının (1Lurer.am./az) yaydığı məlumata görə, bu məsələ Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanla İranın Ermənistana yeni təyin olunmuş səfiri Mehdi Sobhani ilə görüşdə müzakirə edilib. Qeyd olunur ki, Ermənistanın dövlət məktəblərində fars dilinin tədrisi məsələsi aktuallaşıb.
İranın Ermənistana təyin olunmuş yeni səfiri Mehdi Sobhani regional dillərin tədrisi çərçivəsində Ermənistanın dövlət məktəblərində fars dilinin tədrisinin vacibliyini vurğulayıb.
Fars dilini tədris etmək Ermənistanın nəyinə lazımdır? Fars dili rus, ingilis, fransız, ərəb və s. dillər deyil ki, "dünya dilidir, tədrisi vacibdir" deyəsən. Bu baxımdan, ermənilər fars dilinin tədrisinə niyə belə meyl edirlər?
Sədrəddin Soltan: "Ermənistan İranla yaxınlığını göstərmək üçün fars dilinin tədrisinə..."
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "Bakı-Xəbər"ə şərhində "Regional dilləri öyrənmək bütün ölkələrin təkcə bir-birinə yaxınlıq məsələsi deyil, bu həm də təhlükəsizlik məsələsi ilə bağlıdır. Bu baxımdan, Ermənistanda fars dilinin öyrənilməsi İran-Ermənistan münasibətlərinin yaxınlığının və təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətinin göstəricisidir. Ermənistan İranla yaxın qonşudur və onların çox geniş əlaqələri var. Ermənistan İranla yaxınlığını göstərmək üçün fars dilinin tədrisinə də üstünlük vermək istəyir. Təxminən 15 il öncə Ermənistan fars dili və ədəbiyyatına dair konfrans da keçirildi. Onda İrandan gəlmiş farsşünas alimlər elan etdilər ki, erməni dili ilə fars dili qohum dillərdir. Onlar özlərini bir - birinə qohum sayırlar. Bu da ermənilərə fars dilini öyrənmək üçün əlavə stimul verən amillərdəndir. Bütövlükdə, ermənilərin təkcə fars dilini deyil, eyni zamanda Azərbaycan və Türkiyə türkcəsinin də orta məktəblərdə tədris edilməsi ilə bağlı proqramları var"-deyə bildirdi.
Əli Mahmud: "Ermənistanın bu dilə meyl etməsi sırf siyasi məqsəd daşıyır..."
"Qarabağa aparan yol" qəzetinin baş redaktoru Əli Mahmud da "Bakı-Xəbər"ə açıqlamasında haylarla farsların qohum olduğunu və bir - birinə "qardaş" dediklərini qeyd etdi. "Haylarla farsların bu cür yaxınlığı təəccüblü deyil. Özləri deyirlər ki, bir kökdən gəlirlər. Biz hay - fars cütlüyünün üzdəniraq birliyini Azərbaycana qarşı hər zaman görmüşük, bu gün də görürük. Haylarla farslar öz birliklərinin göstərmək üçün Ermənistanda fars dilinin tədris ediləcəyini elan edirlər. Çünki İran adlanan ölkədə də erməni dilində məktəblər var. 40 milyon azərbaycanlının orada ana dilində məktəbi yoxdur, amma bir ovuc hay üçün hər cür şərait yaradırlar. Hesab edirəm ki, Ermənistanda orta məktəblərdə fars dilinin tədrisini aktuallaşdırmaları təsadüfi deyil, onlar bunu birliklərinin göstəricisi kimi göstərmək istəyirlər. Fars dili qlobal səviyyədə yayılmış dil deyil. Bu səbəbdən də Ermənistanın bu dilə meyl etməsi sırf siyasi məqsəd daşıyır, bundan əlavə kart kimi istifadə edib özünü multikultutal göstərmək istəyir. Bu, molla rejimi ilə Hayastanın növbəti siyasi işbirliyi kimi qəbul oluna bilər. Həm də Hayastan İrandan əlavə dəstək almaq istəyir"-deyə Ə. Mahmud qeyd etdi.
Əli TURABOV