AMİP liderinin köməkçisi, Siyasi Şura üzvü Əli Orucov "Bakı-Xəbər" qəzetini 20 illik yubileyi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Bakı-Xəbər” qəzeti 20 il əvvəl mətbuat bolluğunda həm siyasi meydanda, həm jurnalistika sahəsində nüfuz qazanmış Aydın Quliyevin rəhbərliyi ilə fəaliyyətə başladı və qısa müddət ərzində ölkədə populyar nəşrə çevrildi. Bu təsadüfi deyildi. Çünki “Bakı-Xəbər”in yaradıcısı və baş redaktoru dövrün nəbzini, tələblərini tuta bilirdi və bütün bunları da peşəkarlıqla oxucuya çatdırmağı bacarırdı. Operativlik, hadisələrə və proseslərə obyektiv yanaşma, kollektivin peşəkarlığı və üzərindəki məsuliyyət hissi nəticə etibarı ilə “Bakı-Xəbər” qəzetinin kütləviliyini artırmaqla yanaşı, ona istinad və etibarlılığı da təmin edirdi. Aradan uzun bir müddət keçir. Qəzet böyüyüb, genişlənib, gənc bir dövrünü yaşayır. Bu gənclik ruhunda da işini qurub fəaliyyətini davam etdirir. Azərbaycanın informasiya məkanında “Bakı-Xəbər” istər çap mediası olaraq, istər internet və elektron media olaraq xüsusi önəm daşıyır. Dövlətin və millətin maraqlarının müdafiəsində döyüşür, üzərinə götürdüyü vəzifə və öhdəliklərini layiqincə yerinə yetirir.
Mən “Bakı-Xəbər” ailəsinə, başda Sayğıdəyər vətənpərvər ziyalımız Aydın Quliyev olmaqla, bundan sonra da başarılar diləyirəm, həmişə xoş xəbərlərin ünvanı olmağını arzulayıram. İnanıram ki, demokratik mətbuat ənənəmizin və tariximizin yaşadılması istiqamətində fəaliyyətini saysız-hesabsız illərlə bundan sonra da davam etdirəcək”.