Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün aparılan humanitar yardım göndərilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bildirib ki, gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsələr, erməniəsilli şəxslərin digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərlər.
Humanitar yardımı aparan karvan artıq Ağdam-Xankəndi yoluna çatıb.
Humanitar yardımın Xankəndiyə çadırılması ilə bağlı qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlardan müvafiq cavab gözləyirlər.
“Biz öz məramımız barədə Rusiya sülhməramlılarının komandirinə bildirdik ki, Azərbaycan Qızıl Aypara cəmiyyətini təmsil edirik”. Bunu Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
C.Mirzəyev bildirib ki, məsələ bu axşam həll olunmayacaq: “Bizdən vaxt istədilər. Mən əlaqə vasitələrimizi onlara təqdim etdim. Missiyamızı bir daha Rusiya sülhməramlılarının komandanlığına bildirdik. Mobil nömrəmi götürdülər, məlumat olanda zəng edib bildirəcəklər”.
Artıq Azərbaycan Qızıl Aypara Cəmiyyəti Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırmağa başlayıblar. Həmin çadırlarda AzQAC əməkdaşları, könüllülər gecələyəcək və istirahət edəcəklər.
Qurumun əməkdaşları qeyd ediblər ki, onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki TIR Ağdam-Xankəndi yolunun üzərində dayanıb.
Qeyd edək ki, Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın erməni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneə törədir.
Azərbaycan tərəfi isə növbəti dəfə humanist yanaşma sərgiləyərək Qarabağda yaşayan erməniəsilli vətəndaşlar üçün humanitar yardım göndərir.
ZÜMRÜD