Rusiyanın Ermənistan-Azərbaycan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələrinin yerləşdirilməsi istəyindən əl çəkmir. Yeri gəldi-gəlmədi, Rusiyanın siyasi və hərbi elitasının təmsilçiləri bu məsələni gündəmə gətirirlər. Baxmayaraq ki, Paşinyan və onun komandası bunda maraqlı deyil.
Bu arada Rusiya Təhlükəsizlik Şurası bəyan edib ki, Rusiyanın Ermənistanın Azərbaycanla sərhədində KTMT-nin monitorinq missiyasının yerləşdirilməsi təklifi qüvvədə qalır. Həmçinin vurğulanıb ki, Rusiya ABŞ, Aİ və ayrı-ayrı Qərb ölkələrinin regiondakı vəziyyətin nizamlanmasına müdaxilə etmək cəhdlərini qeydə alır. RusiyaTəhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov məsələ ilə bağlı bunları deyib: “Rusiyanın təşəbbüsü ilə KTMT monitorinq missiyasını göndərmək təklif edilmişdi, lakin onun işə başlaması reallaşdırılmamışdı. Amma təklif öz qüvvəsindədir”.
Maraqlıdır, Rusiya bu istəyindən niyə israrla əl çəkmir?
“Rusiya bu məsələni gündəlikdə saxlamaqla müəyyən bir proses fonunda qüvvələri sərhəddə yerləşdirə bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Rusiyanın Ermənistan-Azərbaycan sərhədinə KTMT silahlı monitorinq qrupu göndərməsi, ümumiyyətlə, təhlükəsizliyi təhdid edir. Problem ondadır ki, Rusiya iki dövlət arasında münasibətlərin normallaşmasında, sülhün bərqərar olmasında maraqlı deyil. Rusiya sərhəddə öz qüvvələrini yerləşdirmiş olsa, bu, hər iki dövlətə təzyiq vasitəsi olar. Bu da öz növbəsində sülhün əldə edilməsinə mane olacaq. Reallıq ondan ibarətdir ki, hazırkı Ermənistan hakimiyyəti bundan imtina edib. Rusiyanın təzyiqlərinə baxmayaraq, Avropa İttifaqının mülki missiyasını sərhədə dəvət edib. Bu da, məlum məsələdir ki, Rusiyanı narahat edən əsas faktordu. Rusiya çox çalışır ki, KTMT-ni sərhədə gətirsin. Nəticədə Avropa İttifaqının mülki missiyasının fəaliyyətinin qarşısın alsın. Daha dəqiq desək, KTMT qüvvələri vasitəsi ilə məhdudlaşdırsın. Ancaq bu, son nəticədə ciddi problemə çevrilə bilər. Düşünürəm ki, Rusiya bu məsələni gündəlikdə saxlamaqla müəyyən bir proses fonunda qüvvələri sərhəddə yerləşdirə bilər. Bu da Avropa İttifaqının mövqeyinin zəifləyəcəyi fonda mümkündür. Düşünürəm ki, Rusiya KTMT silahlı monitorinq xidmətini gətirsə, bu ciddi böhrana yol aça bilər. Əsasən bu, Rusiya əsgərlərindən təşkil ediləcək. Əsas da Azərbaycana daha çox təzyiq etmək məqsədi ilə. Ona görə də bu varianta Nikol Paşinyan gedərsə, Qərbin ciddi təzyiqləri ilə üzləşə bilər. Hətta buna görə Qərbin ona verdiyi dəstəkdən məhrum da ola bilər”.
Vidadi ORDAHALLI