Makron Ermənistan və Azərbaycan liderləri ilə danışıqlar aparacağını və Qarabağ münaqişəsinin həlli üçün yeni təşəbbüslə çıxış edəcəyini bildirib.
Emmanuel Makron konfransda bu həftə Ermənistan və Azərbaycan liderləri ilə danışıqlar aparacağını və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni diplomatik təşəbbüslə çıxış edəcəyini bildirib.
Veriliş Yelisey sarayının X-dəki rəsmi hesabında aparılıb. Makronun fikirindən sitat:
“Bu həftə mən baş nazir (Ermənistan) Nikol Paşinyan və prezident (Azərbaycan) Əliyevlə danışacağam. Biz Laçın humanitar dəhlizi ilə bağlı (müqavilələrə) tam əməl olunmasını tələb edəcəyik, həmçinin Azərbaycana təzyiqləri artırmaq üçün beynəlxalq arenada yeni diplomatik təşəbbüslə çıxış edəcəyik”.
Necə deyərlər, Makron yenə “kişilənməyə” başlayıb. Onun bu çabaları nəsə fayda verə bilərmi?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransanın Cənubi Qafqazda pozucu siyasəti getdikcə daha da güclənir və mətbuatda gedən məlumatlara görə, avqustun sonu tarixlərində özünün kulminasiya nöqtəsinə çatacaq: “Belə ki, rəsmi Paris ilk növbədə BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsi və Avropa İttifaqı xarici işlər nazirləri toplantısında ölkəmizə qarşı tədbirlərin qəbulu təşəbbüsü ilə çıxış etməyi planlaşdırır. Həmin günlərdə Paris və Strasburq merləri Azərbaycan-Ermənistan şərti sərhədinə növbəti yük maşınları karvanı da göndərəcəklər.
Fransanın bu davranışları Ermənistanda revanşist əhval-ruhiyyənin qızışdırılması və yenidən yanlış xülyaların yaranmasına gətirib çıxara bilər. Fransa yenə də erməniləri alət etməklə özünün Cənubi Qafqazda özünün imperialist maraqlarını həyata keçirmək istəyir.
Bu isə Ermənistan dövləti və cəmiyyəti üçün böyük itkilərlə yekunlaşacaq. Ermənistanın Fransa kimi dövlətlərə arxalanaraq törədə biləcəyi istənilən təxribata Azərbaycan ən sərt şəkildə cavab vermək qüdrətindədir və bu addım atılacaq. Ona görə də hesab edirəm ki, Fransanın addımları heç də Qarabağdakı ermənilərin və Ermənistanın maraqlarının təmin olunmasına xidmət eləmir. Makron belə uğursuz addımlar atmaqla Azərbaycana qarşı təzyiq kampaniyasını genişləndirməyə çalışır. Onun ciddi nəticələr əldə edə biləcəyi gözlənilmir.
Bir qədər öncə E.Makron Parisdəki erməni diasporunun üzvləri ilə görüş zamanı Ermənistan və ermənilər üçün N.Paşinyandan daha çox iş gördüyünü demişdi. Erməni lobbisinin əlində alətə çevrilmiş bu adam indi də erməni qardaşlarına verdiyi sözü əməlləri ilə təsdiq etmək istəyir. Fransa Qarabağ torpaqlarımızda ermənilərin başlatdığı oyunların əvvəlindən onları dəstəkləyir. Bu gün Makronun atdığı addımlara çılızdan başqa ad vermək olmaz”.
Məhəmmədəli QƏRİBLİ