Avqustun 28-də saat 03:00 radələrində Azərbaycanın rus sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi şəhərindəki separatçı dəstənin başçısı Araik Arutyunyanın “ofisinə” silahlı basqın olub. Məlumatı Xankəndidəki separatçı dəstə təsdiqləyib.
Bildirilib ki, 1981 təvəllüdlü A.A. və 1983-cü il təvəllüdlü T.H. sərxoş vəziyyətdə Araikin “ofisinə” yaxınlaşaraq, binaya və ərazidəki “təhlükəsizlik əməkdaşlarına” atəş açıblar.
Bu gülləbaranının şübhəli tərəfləri nəzərə çarpır və haqlı sual ortaya çıxır: 8niyə gecə, niyə sərxoşluq, niyə 1- 2 atəş?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Qarabağdakı “humanitar aksiya” oyununun davam etdiyi müddətdə separatçıların rəhbəri Araik Arutyunyana qarşı ittihamlar artır: “Həm Ermənistanda, həm də Xankəndidə bir sıra erməni siyasətçilər, blogerlər və əhalini onu satqınlıqda günahlandırır. Hazırda Qarabağ bölgəsində olan separatçı qurumun daxilində gərginlik, qarşılıqlı ittihamların səsləndirilməsi hallarına rast gəlinir. Bu proses paralel olaraq Ermənistanda da müşahidə olunur. Həmçinin Paşinyan hakimiyyəti ilə separatçılar arasında da ayrıca gərginlik hökm sürür. Ona görə də hazırda kimin hansı məqsədə xidmət etdiyini tam şəkildə söyləmək doğru olmaz. Amma Qarabağ erməniləri nəhayət anlayırlar ki, Azərbaycana reinteqrasiya prosesi qaçılmazdır. Bütün hallarda Qarabağdakı separatçılar Azərbaycana reinteqrasiya prosesinə mane olmamağa məcburdurlar. Əks halda onlar üçün ağır nəticələri olacaq. Reinteqrasiya prosesi mütləq baş tutacaq. Qondarma rejimin başında duran şəxslər də gec-tez Azərbaycan qarşısında cavab verəcəklər. Hazırda həmin şəxslərin bir-birini Bakıya çalışmaqda ittiham etməsi başadüşüləndir. Qarabağda separatçılar arasında hələ daha çox gərginlik olacaq. Hətta separatçılar daxilində silahlı qarşıdurma hallarına da rast gəlinir.
Qarabağdakı silahlı erməni quldurlar arasında gərginlik son vaxtlar daha da artıb. Araik Arutyunan istefası tələbləri səslənir. Separatçıların liderlərindən sayılan keçmiş “təhlükəsilik şurasının katibi” Samvel Babayanla Araik arasında münasibətlərin müharibə həddinə qədər kəskinləşdiyi bildirilir. Babayanın əli qanlı cinayətkarlardan biri olduğu və hazırda vəzifədə olmasa da nəzarətində silahlı şəxslərin də olduğunu Xankəndidə bilməyən yoxdur. Araikin oturduğu binaya silahlı basqının arxasında Samvel Babayan və digər hansısa separatçının olduğu istisna edilmir. Nə qədər ki, separatçılar torpaqlarımızı işğal altında saxlayıb, ərazilərimizin nemətlərindən istifadə edirdilər, onlar fikir birliyi içində idilər, elə ki, müharibədə məğlub oldular və Laçın yolunda sərhəd keçid məntəqəsi yaradıldı, aralarında ixtilaf dərinləşdi və günahkar axtarışına çıxdılar. Bu durum separatçıları öz aralarında daha dərin silahlı qarşıdurmaya gətirəcək”.
Məhəmmədəli QƏRİBLİ