Azərbaycan humanizm tətbiq edərək Laçında saxlanılan erməni futbolçular barəsində cinayət təqibinə xitam verib. Aznews.az xəbər verir ki, burada təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla cinayət təqibinə xitam verilib.
Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, hərəkətlərini video qeydiyyata alıb bügünədək “Youtube” və müxtəlif sosial şəbəkə vasitələrində yaydıqlarına görə Baş Prokurorluğun müvafiq qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) - maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati həbs tətbiq olunub.
Maraqlıdır ki, erməni gənclər törətdikləri cinayət əməli haqda səmimi peşmançılıq keçirdiklərini bəyan edirlər, ancaq erməni mənbələri hələ də “tələbə oğurluğu”ndan danışırlar.
Hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan bu addımı ilə ermənilərə bir çox ciddi mesajlar vermiş oldu: “Bu mesajların içində daha çox nəzərə çarpanı humanizmlə bağlıdır. Yəni ermənilərə göstərildi ki, cinayəti etiraf edib səmimi peşmançılıq keçirmək onları məsuliyyətdən azad edə bilər. Digər tərəfdən isə, ermənilər gördülər ki, Qarabağda yaşayan hər bir erməni vətəndaşı ilə bağlı onlarda müfəssəl məlumatlar var. Hətta keçmişdə ən xırda cinayət törətmiş şəxs belə, sirğu-sual olunacaq. Digır ermənilər də buradan doğru məticə çıxarıb, öz əməllərinə görə bağışlanmalarını istəməlidirlər. Artıq onlar anlayır ki, başqa çıxış yolları qalmayıb. Qarabağı tərk etmək üçün yeganə qapı olan Laçın postundakı bazada bütün məlumatlar mövcuddur. Bakı Qarabağdakı ermənilərə və onları girovluqda saxlayan xuntaya xatırlatdı ki, Azərbaycan ərazilərində yaşadıqlarını qəbul etməyə, bu dövlətin qanunları ilə hərəkət etməyə hazır olsunlar. Əks halda, onlar barədə məsuliyyət müəyyənləşəcək.
Baş prokurorluq cinayət təqibini dayandırmaya bilərdi. Çünki ortada konkret fakt var. Rəsmi Bakının bu jesti təsdiq edir ki, Ağdam yolunun açılması ilə bağlı danışıqlar gözlənilir və Azərbaycan haqlı tələbinin reallaşması üçün baza hazırlayır. Erməni təbliğat maşını isə, öz ənənəsinə sadiq qalaraq, yenə dezinformasiya tirajlayır. Güya futbolçuların “oğurlandığı”nı bəyan edir. Bu ağ yalandır”.
Məhəmmədəli QƏRİBLİ