Fransa növbəti siyasi uğursuzluqla üzləşdi. Məsələ ondadır ki, 26 avqust “Laçın Şəhər günü” ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak etmək üçün Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri də Laçına səfər ediblər.
Ancaq diplomatik mənbələrdən verilən məlumata görə, Fransa Avropa İttifaqı ölkələrinin bu tədbirdə iştirakını əngəlləmək üçün ciddi cəhd göstərib. Belə ki, diplomatların ora səfərdən imtina etməsinə çalışıb. Lakin bu dəfə də fransızların təxribatı nəticəsiz qalıb. Avropa İttifaqı ölkələrinin diplomatları Laçın səfərində də geniş tərkibdə təmsil olunublar.
Görünən odur ki, Fransa ənənəvi və məkirli ermənipərəst siyasətindən əl çəkmək istəmir. 44 günlük Vətən müharibəsindən sonra 2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərinin Şuşaya səfəri təşkil olundu. O zaman Minsk Qrupunun həmsədr ölkələrinin səfirləri Şuşaya getməkdən imtina etdilər. Fransanın Azərbaycandakı səfiri Zakari Qross bu məsələdə xüsusi canfəşanlıq göstərirdi. Fransanın məlum yaramaz siyasəti bu gün də davam edir. Baxmayaraq ki, Laçın inzibati rayonu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan rayon deyil.
“Faktiki olaraq, Fransa Azərbaycana yönəlik düşmənçilik siyasəti yeridir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, bütün bunlar onu göstərir ki, Fransa Azərbaycanla bağlı qərəzli mövqeyindən əl çəkmək istəmir: “Prinsipcə, Fransanın bu riyakarlığı bizim üçün təəccüblü deyil. Çünki müharibə başlayan kimi Fransa əsl simasını ortaya qoydu. Müharibəyə qədər Fransa rəsmiləri deyirdilər ki, Ermənistanla dil tapın. Məqsədləri o idi ki, proses uzansın və son nəticədə Ermənistan öz istəyinə nail olsun. Ancaq Vətən müharibəsi və onun nəticələri Fransanın planlarını pozdu. Biz unutmamalıyıq ki, Fransa indiyə qədər 3 dəfə Qarabağla bağlı məsələni BMT Təhlükəsizlik Şurası müstəvisinə qaldırmağa cəhd edib. Birinci dəfə 2020-ci il noyabrın əvvəllərində buna cəhd etdi. O zaman Böyük Britaniya və Qoşulmama Hərəkatının Təhlükəsizlik Şurasında təmsil olunan ölkələr buna imkan vermədilər. İkinci dəfə 2022-ci ilin sentyabr döyüşlərindən sonra Fransa belə bir təşəbbüslə çıxış edib. Ən nəhayət, bu il avqustun 16-da Fransa Azərbaycanla bağlı məsələni BMT müstəvisində müzakirəyə təqdim etdi. Yaxşı ki, Fransanın təşəbbüsü dəstək qazanmadı. Bəzi məlumatlara görə, Fransa yenidən Laçın yolu ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmağa hazırlaşır. Faktiki olaraq, Fransa Azərbaycana yönəlik düşmənçilik siyasəti yeridir. Belə olan halda 26 avqust “Laçın Şəhər günü” ilə əlaqədar keçirilən bayram tədbirləri ilə bağlı Fransanın diplomatik korpuslara yönəlik çağırışı aparılan siyasətin tərkib hissəsidir. Məlum olur ki, Fransa Azərbaycana qarşı bütün imkanlarını səfərbər etməyə çalışır. O üzdən, biz Parisin ölkəmizə yönəlik istənilən təxribatına hazır olmalıyıq”.
Vidadi ORDAHALLI