Məlum olduğu kimi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu günlərdə yenidən peyda olub. Kaspşik Ermənistanda XİN rəhbəri Ararat Mirzoyanla görüşüb, daha sonra Laçın sərhədinə gedib.
Bu həmin Kaspşikdir ki, Qarabağın işğalda olmasından qazanclı çıxanlardan biri də o olub. Hər gəlişində donuz kababından yedi, erməni çaxırından içdi, gəzəndən sonra arada hesabat yazıb ATƏT-in Minsk Qrupuna ötürdü. Belə saxta görüntü yaratdı ki, guya o da hansısa işlə məşğuldur. Ancaq həqiqət isə ondan ibarət idi ki, Kaspşik daha çox agent olaraq fəaliyyət göstərir, daha çox Azərbaycandan ermənilərə və onların havadarlarına materiallar satırdı. Bunun da müqabilində milyonlar qazanırdı. Bu həmin Kaspşikdir ki, beynəlxalq tədbirlərdə bircə dəfə də olsun Qarabağda yaşayış məntəqələrinin yerlə yeksan edilməsini dilə gətirmədi. Bir dəfə olsun 4 min nəfər azərbaycanlının Birinci Qarabağ müharibəsində itkin düşməsindən söz açmadı. Utanmadan indi yenidən xortlayıb regiona əvvəlki illərdəki kimi səfərlər etmək istəyir.
Bir sözlə, Kaspşik 20 ildən çox ATƏT nümayəndəsi kimi mənasız gedib-gəldi. O bu missiyasında, təbii ki, pullar qazandı. Maraqlıdır, təxminən nələr qazanıb?
“Bütün bunların da arxasında erməni lobbisi dayanır”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucovun fikrincə, Kaspşik ötən illər ərzində milyonlar qazanıb və bu proses bu gün də davam edir: “ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kaspşik siyasi alverçidir. Yəni sözün geniş mənasında o, öz missiyasından əsasən alver məqsədi ilə istifadə edib. Kaspşik uzun müddətdir Azərbaycan ərazisində baş verənləri təhrif etməklə məşğuldur. Ərazimizin minalanmasına göz yumur. Bir dəfə olsun bu barədə danışmayıb. Söhbət 44 günlük müharibədən sonrakı dövrdən gedir. Çoxsaylı Azərbaycan vətəndaşı minaya düşərək ya həlak olub, ya da şikəst olub. Ancaq bütün bunlara baxmayaraq, ermənilərin qeyri-qanuni hərəkətlərinə reaksiya verməyib. Bütün bunlar azmış kimi, utanmadan Ermənistana səfər edir, Laçın sərhədinə gəlir. O cür qeyri-ciddi adam regiona buraxılmamalıdır. Ancaq Ermənistanın maraqlarına xidmət etdiyi üçün İrəvanda toy-bayramla qarşılanır. Biz nəzərə almalıyıq ki, erməni lobbisi Ermənistanın mənafeyindən çıxış edən siyasiləri, dövlət adamlarını, konqresmenləri maliyyə nöqteyi-nəzərdən himayə edir. Bir vaxtlar ATƏT-in Minsk Qrupunun həmsədrləri, məsələn, Vladimir Kazimirov erməni lobbisi hesabına milyonlar qazanıb. Həmsədrlər dəyişsə də, Kaspşik 20 ildən çoxdur eyni vəzifədədir. Bu isə o deməkdir ki, Kaspşik nəinki milyonlara, həm də çoxsaylı daşınmaz əmlaka sahibdir. Bütün bunların da arxasında erməni lobbisi dayanır”.
Vidadi ORDAHALLI