General-mayor Kirill Kulakov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı təyin olunacaq.
Bu barədə Ermənistanın “Hraparak“ qəzeti məlumat yayıb. Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı hərbi kontingentin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı xəbər yayıb və qeyd edib ki, indiki komandan general-polkovnik Aleksandr Lentsov artıq Qarabağı tərk edib. Xatırladaq ki, Lentsov bu il aprelin 25-də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunmuşdu.
Bəzi ekspertlər hesab edir ki, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu üçün Cənubi Qafqaz prioritet bölgə deyil. Onun indi əsas məqsədi və prinsipial hədəfi Ukraynadakı hərbi əməliyyatlarda dönüşün yaranması, Rusiya hərbçilərinin əks-hücuma keçmələrini şərtləndirəcək vəziyyətin formalaşmasıdır.
O halda maraqlədır, sülhməramlıların komandanının dəyişməsinin nə kimi yeniliyə səbəb olacaq?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya sülhməramlı kontingentinin komandanlarının tez-tez dəyişdirilməsinin ümumi prosesə heç bir təsiri olmur: “Aprel ayında təyin olunan Lentsovun yerinə təyinatın olduğuna dair məlumatlar yayılıb. Rotasiyanın belə sürətli həyata keçirilməsində əsas məqsəd komandanın yerli proseslərə inteqrasiya olunmasının qarşısını almaqdır. Bu postdakı adam orada nə qədər çox qalarsa, o qədər lokal proseslərə müdaxilə imkanı çoxalar. Atıq biz görürük ki, ildə iki komandan bir-birini əvəz edir. Mən bunu normal qəbul edirəm. Lentsov Rusiya üçün elə bir ciddi addıma yol verməyib ki, onun çıxarılması ilə bağlı qərar verilsin. Rusiya sülhməramlılarına bundan sonra kimin komandanlıq edəcəyinin rəsmi Bakı üçün önəmi yoxdur: bir generalı başqasının əvəzləməsi vəziyyətdə heç bir ciddi dəyişiklik yaradan deyil. Moskvanın mövqelərini möhkəmləndirmək və maksimal dərəcədə ciddi, qətiyyətli, işgüzar təsir bağışlamaq istəyi anlaşılandır. Ehtimal edə bilərik ki, Ukraynada aparılan hərbi əməliyyatlardakı mövcud vəziyyət, xüsusilə də son həftədə həmin arealdakı Rusiya qoşunlarının komandanlığından 16 generalın kənarlaşdırılması ciddi kadr problemləri yaradıb. A.Lentsovun Ukraynaya, birbaşa hərbi əməliyyatlar bölgəsinə göndərilməsi, yaxud da ona Ukraynadakı əməliyyatların idarə olunduğu Rostovdakı qərargahda yüksək postlardan birinin tapşırılması istisna deyil”.
Kimin komandan təyin edilməsindən asılı olmayaraq, Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd var. Bu iki ölkə bir sıra sahələrdə uzunmüddətli əməkdaşlıq edirlər. Həmçinin, Rusiyanın Azərbaycanda və Azərbaycanın da Rusiyada bir sıra müəssisələri fəaliyyət göstərir. Bu səbəbdən də rus sülhməramlıları diqqətli olmalı, ermənilərin yanlış siyasətinin qurbanına çevrilməməlidirlər. Bu, Azərbaycanla Rusiya arasında imzalanmış strateji müttəfiqlik sənədinə də ziddir. Azərbaycan Rusiya tərəfinə dəfələrlə xəbərdarlıq edib. Bizim gözləntilərimiz ondan ibarətdir ki, Rusiya bu məsələləri mütləq nəzərə almalıdır. Nəzərə almadığı təqdirdə, Azərbaycanın da buna öz münasibəti və reaksiyası olacaq.
Məhəmmədəli QƏRİBLİ