Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov "Bakı-Xəbər" qəzetinin 20 illik yubileyi münasibətilə qəzetimizin təsisçisi və baş redaktoru Aydın Quliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
Müasir milli mətbuatımızın öncüllərindən sayılan "Bakı-Xəbər” qəzetinin 20 illik yubileyi münasibətilə sevincinizə qoşulur, bu mətbu orqana bacarıqla, yüksək peşəkarlıqla rəhbərlik edən Sizi, qəzetin əməkdaşlarını və çoxsaylı oxucularını səmimi qəlbdən təbrik edir, yeni uğurlar arzulayıram. Qəzetiniz fəaliyyəti dövründə şərəfli bir yol keçmiş, xalqımızın yüksəlişinə və tərəqqisinə, Azərbaycan dövlətçiliyinə xidmət etmiş, istiqlaliyyətimizin tərənnümçüsünə çevrilmiş, xalqımızın milli mənlik şüurunun formalaşmasında əvəzsiz rol oynamışdır. Milli jurnalistikamızın zəngin ənənələrini davam etdirən qəzetiniz ölkəmizdə baş verən ictimai-siyasi prosesləri, hüquqi dövlət quruculuğunda qazandığımız nailiyyətləri, görülmüş işləri öz səhifələrində obyektiv işıqlandırır.
Sizi və qəzetin bütün kollektivini əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, səadət, böyük yaradıcılıq uğurları arzulayıram”.
Tahir TAĞIYEV