Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan real tarix baxımından uydurma "erməni məsələsi" barədə status paylaşıb. Qondarma məsələnin "tarixini" 1878-ci il San-Stefano sülh sazişindən başlayan Minasyan gurultulu cümlələrlə bütün erməniləri birləşməyə və "erməni məsələsini" həll etməyə çağırır.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
- Konkret nəyi nəzərdə tutduğunu uzun - sicilləmə statusunda aydın ifadə edə bilmir, bir neçə dəfə "San-Stefanodan Stepanakertə qədər torpaq itirdik" deyə təkrarlayır, birləşməyə çağırır. Birləşməyin hədəfini isə qeyri-müəyyən formada ifadə edir.
Bütün bunlar erməni xalqının azacıq ağıllı düşünən hissəsi tərəfindən yəqin ki, lazımi qaydada başa düşüləcək və Minasyanın yazısı əslində bu cür deşifrə ediləcək: "Birləşin, mənim qaynatamı yenidən hakimiyyətə qaytarın, mən yenidən azı Vatikana səfir gedim, mənə səfir, arvadıma səfir arvadı desinlər". Xatırladım ki, Minasyan keçmiş cinayətkar prezident Serj Sarkisyanın kürəkənidir...
Belə-belə işlər...
Tahir TAĞIYEV