ABŞ-ın Ermənistandakı səfirliyi ABŞ-ın BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərə “Dağlıq Qarabağdakı humanitar böhran”la bağlı müzakirələrin nəticələrinə görə qətnamə imzalamaması üçün təzyiq göstərməsi xəbərini təkzib edib:
“BMT Təhlükəsizlik Şurasına verdiyimiz bəyanatda qeyd edildiyi kimi, “Dağlıq Qarabağ”dakı humanitar vəziyyət bizi dərindən narahat etməkdə davam edir və biz Azərbaycan hökumətini Laçın dəhlizinin humanitar, kommersiya və şəxsi nəqliyyat üçün ən qısa zamanda açılmasına çağırırıq”
Erməni mediasının sualını cavablandıran səfir bildirib ki, belə bir qətnamə layihəsi görməyib və bu məsələ ilə bağlı konkret cavabdan yayınıb.
Xatırladaq ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurasında sözügedən mövzu ilə bağlı müzakirə aparılıb.
Görünən budur ki, ermənilər BMT-dəki uğursuzluqlarından sonra da öz niyyətlərindən əl çəkməyiblər. Yenə də çalışırlar ki, hansısa vasitə ilə və ya TŞ-yə üz olan hansısa ölkənin əli ilə həmin layihəni müzakirəyə təqdim etsinlər. Onların bu səyləri səmərə verə bilərmi?
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, avqust ayının 16-da BMT-də Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı Ermənistanın qeyri - qanunu təklifi əsasında müzakirələr keçirildi: “Müzakirələrin iki önəmli tərəfi var. Birincisi ondan ibarətdir ki, müzakirələrin qeyri - qanuni keçirilməsi hər kəsə məlumdur. İkinci önəmli tərəf isə ondan ibarətdir ki, bəzi dövlətlər istisna olmaqla, beynəlxalq birlik Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Bundan sonra da bu proses davam edəcək. Mən əvvəldən də təxmin edirdim ki, BMT - də Azərbaycan əleyhinə hər hansı qətnamənin qəbul edilməsi qeyri - mümkündür. BMT özü Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, öz tanıdığı prinsiplərə zidd olaraq toplantı keçirsə də, son nəticədə qərar qəbul etməsi mümkün deyil. Bu olsa, böyük bir skandala səbəb olacaq. İkinci bir tərəfdən bilirik ki, BMT - də əksəriyyəti Qoşulmama Hərəkatının üzvü olan dövlətlərdir. Onlar da Azərbaycanın haqlı mövqeyini qoyub, Ermənistanın şər və böhtan dolu hərəkətlərinə müsbət cavab verməyəcəklər. Mən hesab edirəm ki, artıq erməni lobbisi və Ermənistan özü də bunun mümkün olmayacağını başa düşür. Amma yenə də bütün cəhdlərlə bölgə ilə bağlı gərginliyi davam etdirməyə çalışırlar. Bu da kənar kütlənin burda olan istəkləri ilə bağlıdır. Cənubi Qafqazda sülhün olması bəzi dövlətlər üçün qəbuledilməz bir prinsip kimi görsənir. Ona görə də, bütün imkanlardan istifadə edərək gərginliyi daha da artırmağa çalışırlar. Belə halın baş verməsi, xüsusilə ABŞ - ı bu prosesə cəlb etmək istəkləri real görsənmir. ABŞ buna razılıq göstərməz. Çünki belə bir şey baş versə, ABŞ - ın birtərəfli yanaşma prinsipi pozula bilər. Bu da gələcəkdə onun məsələ ilə bağlı moderator münasibətlərinə böyük zərbə ola bilər. Hər hansı formada bu cür yanaşmalar, istər erməni lobbisinin ABŞ hökümətinə təzyiqi, istər Ermənistanın öz təzyiqi, bunların heç biri ciddi təsir imkanına malik deyil, danışıqları ləngidə bilməz. Sülh danışıqları prosesi davam etməlidir”.
Məhəmmədəli QƏRİBLİ