Bugünlərdə məlumat verildi ki, 60-a yaxın Rusiya vətəndaşı Qarabağı tərk edib. Sonuncu dəfə 14 iyunda Rusiya pasportu daşıyan 40-a yaxın şəxs getmişdi. Erməni mənbələr yaxın günlərdə Rusiya pasportu daşıyan şəxslərin bölgəni tərk edəcəyini, onların Laçın sərhəd-keçid məntəqəsindən çıxışı ilə bağlı razılaşmanın olduğunu yazır.
Çox maraqlıdır, Qarabağdakı Rusiya vətəndaşları kimlər ola bilər? Götürək ki, onların bir qismi sülhməramlı hərbçilərin ailələridir, lakin sülhməramlılar bölgəni tərk etmədiyi üçün ərazini tərk edənlərin onların ailə üzvləri olduğu inandırıcı deyil. Gedənlərin əksəriyyətinin Qarabağda “rus icması”nın üzvləri kimi təqdim edilənlər və Rusiya pasportu daşıyan ermənilər olduğu ehtimalı daha çoxdur. Ola bilərmi ki, bu adla Qarabağdakı müharibələr dönəmində Azərbaycana qarşı cinayətlər törətmiş şəxslər oradan çıxarılsın?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məlumatlara görə, Qarabağı tərk edənlər əsasən separatizmi dəstəkləyənlərdir: “Bu amil də bölgədə bu kimi ssenarilərin həyata keçirilməsinin mümkün olmadığının qəbul edilməsi deməkdir. Qarabağda yalnız Azərbaycanın qanunlarına hörmət edən, vətəndaşlığı qəbul edənlər yaşaya bilər. Rəsmi Bakı bunu müxtəlif səviyyələrdə dəfələrlə bəyan edib. Və bunun alternativi yoxdur. Hansısa alternativ haqda düşünənlər üçün isə qapılar açıqdır, istədikləri yerə gedə bilərlər. Artıq proses başlayıb, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər Qarabağı tərk edir, yerdə qalanlar isə vətəndaşlığı qəbul edə və daha yaxşı yaşaya bilərlər. Azərbaycanda erməni separatizminin yenidən dirçəldilməsi üçün nəzərdə tutulan mümkün ssenarilərdən biri də Qarabağda yaşayan ermənilərə kütləvi şəkildə Rusiya vətəndaşlığı verməklə onları Rusiyanın himayəsində göstərmək və beləliklə separatizm fəaliyyəti üçün yenidən imkanlar əldə etmək idi. Gördülər ki, bu alınmır, başqa yola əl atdılar. Azərbaycanın doğru və dərin strateji diplomatiyası sayəsində Rusiya pasportu daşıyan ermənilər artıq Qarabağımızı tərk edirlər. Bu hadisə sadəcə rus pasportluların ölkəmizi tərk etməsi deyil, həm də Azərbaycan qanunları ilə yaşamaq istəməyən digər ermənilərə verilən mesajdır. Rusiya pasportu daşıyanlardan dərhal sonra Qarabağda mövcud olan 10 min terrorçu ölkəmizi tərk etməlidir. Eyni zamanda Qarabağa 30 illik işğal dövründə Ermənistan və digər ölkələrdən gətirilib yerləşdirilənlər də təcili ərazimizi tərk etməlidirlər. Qarabağda kimin qalıb yaşamaq hüququ əldə edəcəyinə isə Azərbaycan qanunları qərar verəcək. İlkin şərtlər belədir ki, ilk növbədə Azərbaycan qanunlarını pozmayan ermənilərin belə bir şansı ola bilər. Ancaq zaman daralır və ilin sonunadək bu proses başa çatmalıdır. Təbiidir ki, bu vasitə ilə bəzi terrorçuları da Qarabağdan çıxarmaq istəyəcəklər. Amma Azərbaycanın əlaqədar qurumlarında kifayət qədər baza məlumatları vardır. Bu yaxınlarda cilidini dəyişən məşhur erməni terrorçusunu saxlamağımız buna sübutdur”.
Məhəmmədəli QƏRİBLİ