Mərakeşin fransızdilli “l'Opinion” nəşrində "Azərbaycan-Ermənistan: Qarabağda erməni təxribatları fonunda münasibətlərin kövrək normallaşma prosesi” sərlövhəli məqalə yerləşdirilib. Məqalənin müəllifi ölkəmizin Mərakeşdəki səfiri Nazim Səmədovdur.
Materialda deyilir ki, 44 günlük müharibədə qalib gəldikdən sonra Azərbaycan Ermənistana beynəlxalq hüquq prinsiplərinə, ərazi bütövlüyünə, suverenliyə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmətə əsaslanan münasibətlərin normallaşdırılması prosesinə başlamağı təklif edib. Buna baxmayaraq, İrəvan Qarabağ rayonu ilə sərhəd bölgələrində gərginliyin davam etməsində israrlıdır və bununla da bütün regionun gələcəyini təhlükə altına qoyur.
Nazim Səmədov yazır: "Normallaşma prosesi üç mərhələdən ibarətdir: sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması. Azərbaycan bütün istiqamətlərdə irəliləyişin əldə edilməsinə sadiq qaldığı bir vaxtda, Ermənistan yalanlar yayaraq və təxribatlar törədərək, müxtəlif bəhanələrlə sülh prosesini pozmağa çalışır. Halbuki, bu ölkənin rəhbərliyi ölkələr arasında sülhün bərqərar olmasının açacağı inkişaf perspektivlərini çox gözəl dərk edir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıyaraq, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə hücumları davam etdirir, onun daxili işlərinə müdaxilə edir və bununla əməllərinin sözlərinə zidd olduğunu göstərir".