Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Labibi qəbul edib. Bu barədə Xarici işlər Nazirliyi "X" (tvitter) sosial şəbəkə hesabından məlumat yayıb.
Bildirilir ki, danışıqlar zamanı tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri, eləcə də regiondakı vəziyyəti müzakirə ediblər.
Daha sonra nazirlər mətbuat üçün brifinq keçiriblər. Ceyhun Bayramov bildirib ki, hazırki dövrdə, işğal faktına son qoyulduqdan sonra Azərbaycan və Ermənistan arasında qarşılıqlı olaraq ərazi bütövlüyünə hörmət əsasında sözdə yox, real danışıqlarda prosesin irəliləməsi önəm kəsb edir.
“Azərbaycan bu istiqamətdə önəmli addımlar atır. 30 ilə yaxın müddət ərzində iki ölkə arasında delimitasiyaya başlamaq mümkün olmayıb. Buna da səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması olub”,- deyə nazir əlavə edib.
Azərbaycan ərazisindən hələ də qanunsuz silahlı birləşmələrin çıxarılmadığını deyən nazir qeyd edib ki, bu, Ermənistan tərəfindən dəstəklənir və qanunsuz əməllər davam etdirilir.
Laçın sərhəd buraxılış məntəqəsinin təsis edilməsini həzm etməyən Ermənistan hərbi və siyasi təxribatlara əl atdığını deyən C.Bayramov bildirib: “Humanitar yükün gətirilməsi istiqamətində Ermənistan siyasi manupilasiya xəttini tutub. Humanitar yardımın siyasiləşdirilməsi yolverilməzdir. Əgər bir tərəf humanitar yardımı yalnız bir yolla qəbul edib, digər yoldan imtina edirsə, bu humanitar yardımın siyasiləşdirilməsidir ki, Ermənistan tərəfi bunu edir”.
C.Bayramov qeyd edib ki, Şərq-Qərb Orta Dəhlizi və onun artan rolu barədə danışarkən yeni vəziyyətin yaratdığı imkan və belə olan təqdirdə Zəngəzur dəhlizinin də Şərq-Qərb Orta Dəhlizin yeni qolu kimi istifadəsinin rolu xanım nazirin diqqətinə çatdırıldı.
“Görüşdə Cənubi Qafqazın və Azərbaycanın Avropa ölkələri ilə, həmçinin Mərkəzi Asiya və üzü Şərqə doğru iri ölkələrlə nəqliyyat kommunikasiyalarında artan rolu və Azərbaycanla Aİ arasında aparılan əməkdaşlığın önəmi xüsusi qeyd olundu. Şərq-Qərb Orta Dəhlizi və onun artan rolu barədə danışarkən, yeni vəziyyətin yaratdığı imkan və belə olan təqdirdə Zəngəzur dəhlizinin də Şərq-Qərb Orta Dəhlizin yeni qolu kimi istifadəsinin rolu xanım nazirin diqqətinə çatdırıldı”,- deyə nazir bildirib.
XİN başçısı qeyd edib ki, bizim istəyimiz, gözləntimiz ondan ibarətdir ki, növbəti illərdə Azərbaycana qarşı ikili standartların şahidi olmayaq.
“Xanım nazir bildirir ki, biz keçmişə yox, gələcəyə baxmalıyıq. Gələcəyə baxış tövsiyəsini düzgün hesab edirəm. Yanvar ayından etibarən Belçika Avropa İttifaqına sədrlik edəcək. Bizim istəyimiz, gözləntimiz ondan ibarətdir ki, növbəti illərdə ikili standartların şahidi olmayaq. Bəzi hallarda Ermənistan tərəfindən təqdim olunan siyasi manipulasiyalar Avropa tərəfindən belə asanlıqla qəbul olunmasın. Ən azından bu bizim istəyimizdir”,- deyə nazir bildirib.
“Sülh sazişi ətrafında danışıqlar bir prosesdir və müxtəlif mərhələlərdən ibarətdir” - deyən C.Bayramov daha sonra bildirib: “Bir qayda olaraq, Ermənistan Azərbaycan tərəfindən göndərilən şərtləri 30-60 gün ərzində özündə saxlayır. Bizim üçün son nəticə lazımdır. Ermənistan tərəfi isə şərtlərini göndərəndən 1-2 gün sonra mətbuata böyük açıqlamalar verərək “Biz artıq Azərbaycana şərtlərimizi göndərmişik” deyirlər. Amma bu gün bir "rekord"a imza ataraq, şərtləri göndərdikdən 40 dəqiqə sonra mətbuata böyük açıqlama verdilər”,- deyə nazir bildirib.
Hadja Labib isə Azərbaycanın dayanıqlı sülh üçün addımlar atdığını bildiklərini deyib: “Bir neçə gün öncə Ermənistan XİN rəhbərinə bildirdim ki, bu tarixi fürsətdir və dialoqdan yararlanmaq lazımdır. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmalıdır. Biz bunu yalnızca dəstəkləyirik”.
Belçikalı nazir deyib ki, Avropa İttifaqında Azərbaycan vacib tərəfdaş hesab edilir. “Aİ bu münasibətlərə hörmətlə yanaşır və istərdik ki, bu əməkdaşlıq daha da inkişaf etsin. Azərbaycan enerji təchizatında çox önəmli rol oynayır. Həmçinin, Ukraynaya yardım mövzusunda Azərbaycana xüsusi olaraq təşəkkür edirik”, - deyə o əlavə edib.