Qarabağda maraqlı proseslər gedir. Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan şəxslər Qarabağı tərk edir. Qarabağdan ermənilərin getməsini zəruri edən əsas məsələ mövcud reallıqlardır. Reallıq isə ondan ibarətdir ki, bir çox ermənilər siyasi oyunlara alət olmaqdan bezib. Nəzərə alaq ki, köç edənlər Rusiya pasportu daşıyan ermənilərdir. Həmin ermənilər Qarabağa ayrı-ayrı məqsədlər üçün gəliblər.
Bu arada məlum olub ki, informasiya-analitik proqramları yayımlayan “Sputnik Ermənistan” radiostansiyasının 2023-cü il sentyabrın 1-dən etibarən Xankəndi və ona bitişik ərazilərdə yayımı dayandırılacaq. Bildirilir ki, “Sputnik Ermənistan” informasiya-analitik radiostansiyasının Xankəndidə yayımının dayandırılması barədə qərarı “Rossiya Seqodnya” Beynəlxalq Xəbər Agentliyi verib.
Maraqlıdır, sözügedən məsələlərin üst-üstə düşməsi təsadüfdürmü? Qarabağda nə baş verir?
“Azərbaycan sərhədləri daxilində heç bir erməni televiziya və radiosu fəaliyyət göstərə bilməz”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, bütün bunlar Rusiyanın Qarabağla bağlı planlarının artıq sual altında olmasından xəbər verir: “Qarabağda məskunlaşan Rusiya pasportlu ermənilərin böyük hissəsi birbaşa siyasi oyunların iştirakçılarıdır. Bu ermənilər həm də yerli ermənilər arasında ciddi pozuculuq işləri aparıblar. Onlar zaman-zaman Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışıb, ona dəstək veriblər. Son zamanlar Qarabağda baş verən hadisələr, Rusiya vətəndaşlığını qəbul edən ermənilərin həmin əraziləri tərk etmələri artıq Azərbaycan reallığının qəbul olunduğunu göstərir. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycanın vətəndaşlığını qəbul edib bizim qanunlar çərçivəsində yaşamalı, ya da ərazilərimizi tərk etməlidirlər. Cənab Prezident çıxışlarında qeyd edir ki, ərazilərimizdə yaradılan separatçı “dövlət” buraxılmalıdır. Yalnız bu zaman amnistiya ilə bağlı dövlətimizə edilən müraciətlərə baxa bilərik. Əks təqdirdə ölkəmizi tərk etməli olacaqlar. Eyni zamanda Azərbaycan torpaqlarının işğalı dövründə vətəndaşlarımıza qarşı cinayətkar əməllər törədən ermənilərin də hazırda ərazilərimizdə yaşadığı ehtimalları mövcuddur. Azərbaycan tərəfi isə həmin şəxslərin qanun qarşısında cavab vermələrində israrlıdır. Lakin başlayan köç də göstərir ki, bəziləri Azərbaycan vətəndaşlığını qəbul etməyəcək. Buna görə də müxtəlif səbəbləri əsas gətirərək, artıq Azərbaycan ərazilərini tərk edirlər. Artıq sülhməramlıların missiyasının bitməsinə də 2 il vaxt qalıb. Bu dönəmdə isə artıq qərar verilməlidir. Əgər onlar həqiqətən rus sülhməramlısı kimi fəaliyyət göstərirlərsə, bu zaman konkret olaraq sülhün tərəfində dayanmalı, erməni sepratizminə dəstək verməməlidirlər. Kimin hansı bəyanat verməsindən asılı olmayaraq Azərbaycan öz qanunları çərçivəsində hərəkət edəcək. Bu baxımdan da baş tutan köç birbaşa olaraq separatçı rejimin məhvidir. Qeyd edim ki, ərazilərimizdə hər hansı bir erməni televiziya və radiosunun fəaliyyət göstərməsi də absurddur. Azərbaycan sərhədləri daxilində heç bir erməni televiziya və radiosu fəaliyyət göstərə bilməz. Sentyabr ayından "Sputnik Armeniya"nın Azərbaycan ərazisində yayımının dayandırılması da reallığın qəbul edilməsi faktorudur. Hazırda Qarabağda gedən proseslər göstərir ki, tezliklə hər şey Azərbaycanın xeyrinə həll olunacaq”.
Vidadi ORDAHALLI