Azərbaycan Kaspşikin bu cür mandatda səfərini yersiz hesab edərək, onu Bakıda qəbul etməkdən imtina edib. Bu barədə bəzi internet resursları məlumat yayıb.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kaspşik Ermənistana gəlib və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşüb.
Maraqlıdır ki, bu adam 30 il yeyib-içib fırlandı, ancaq münaqişənin həllində bir addım da olsun irəliləyişə nail ola bilmədi. İndi hansı üzlə yenidən səhnəyə qayıtmaq istəyir? 30 il yeyib-içib fırlandı, bir addım da olsun erməniləri geri çəkə bilmədi. Bunun nə reputasiyası var ki, yenidən mandat əldə etmək istəyir?
Politoloq Ramiyyə Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, erməni mətbuatı xəbər yayıb ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan A.Kaspşiklə “Laçın dəhlizinin blokadasını” müzakirə edib: “Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş avqustun 22-də baş tutub. Bildirilir ki, Kaspşik Ermənistana ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin tapşırığına əsasən Laçın dəhlizinə səfər etmək və vəziyyətlə bağlı hesabat təqdim etmək üçün gəlib. Bu yaxınlarda BMT TŞ-də rəzil günə düşən Mirzoyan yenə də sərsəm-sərsəm danışıb. Azərbaycan ordusu 44 günlük müharibədə erməni faşizminə sarsıdıcı zərbələr endirəndən sonra Kasprşik də başının dəstəsi ilə aradan çıxmışdı. Minsk Qrupunun həmsədrləri kimi o da Xankəndiyə qayıdışı çox gözlədi, amma alınmadı. Görün, Kaspşik burada nə dad görüb ki, əl çəkmək istəmir. Biz ATƏT-in münaqişə ilə məşğul olan institutlarına yerlərini göstərmişik.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk Qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Minsk Qrupunun müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə vermədi.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda suallara cavab verərkən bildirib ki, Minsk qrupunun tərkibi və daxili münasibətlər həmişə onların prioriteti olub.
Eyni zamanda, Prezident vurğulayıb ki, “bizə artıq Minsk Qrupu lazım deyil”.
İlham Əliyev qeyd edib ki, onların postmünaqişə vəziyyətində öz rolunu oynaya biləcəyi bəzi sahələr ola bilər: “Münaqişəni həll etməli olan bir qrup olaraq yox. Burada mən Minsk Qrupunun bəzi nümayəndələri ilə tamamilə razı deyiləm. Onlar münaqişənin həll edilməli olduğunu deyirlər. Münaqişə artıq həll olunub”.
Ancaq biz gördük ki, onlar bu istiqamətdə də fəaliyyət ortaya qoymadılar. Azərbaycan tərəfindən doğrudan da belə addım atılıbsa, tamamilə məntiqli və uzaqgörən münasibətdir. Qafqaza səfərinin nəticəsi olaraq Kaspşik Laçın yolu ilə bağlı hər hansı açıqlama verərsə, böyük ehtimalla, əvvəlcədən qərəzli mətn hazırlanıb, bu birtərəfli və qərəzli sayılacaq. Çünki bu adam Azərbaycanda görüşlər keçirməyib və Laçına Bakıdan yola düşməyib. Beləcə, Azərbaycan heç bir məhsuldarlığı olmayan ATƏT-in mümkün bəyanatını əvvəlcədən qeyri-legitim etmiş oldu”.
Məhəmmədəli QƏRİBLİ