Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfəri ilə Azərbaycana gəldi.
Mirziyoyev Füzulidə Uluqbəy adına təhsil ocağının açılışında oldu, Şuşanı ziyarət etdi. Füzulidə və Türk dünyasının 2023-cü il paytaxtı Şuşada şəhərlərin baş planı, quruculuq işləri ilə yaxından tanış olan özbək liderin səfər marşurutunun özü belə dosta böyük sevinc, dost ola bilməyənlərə ağır kədər aşılayır… Qardaş Türkiyənin prezidenti Ərdoğan Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfər etmişdi. Eyni zamanda qardaş Tatarıstanın rəhbəri də işğaldan azad olunmuş bölgəmizdə olub. Göründüyü kimi, Özbəkistan prezidentinin timsalında başqa bir türk dövlətinin başçısı da Qarabağa səfər etdi. Bunlar sıradan faktlar deyil.
Bu, Azərbaycanın türk dövlətləri arasında xüsusi çəkisinin olmasına dəlalət edən amil sayıla bilərmi?
İqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, başqa türk dövlətləri də Qarabağın bərpasına böyük diqqət ayırır: “Mən bu xüsusda Qazaxıstanın adını çəkmək istərdim. Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevin Azərbaycana səfəri və ölkə başçısı İlham Əliyevlə görüşü ciddi nəticələrlə yadda qaldı. Müzakirələr zamanı əldə olunan razılaşmalardan biri də Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı oldu.
Azərbaycan Vətən müharibəsi nəticəsində torpaqlarını düşmən tapdağından azad etdikdən sonra ərazidə sürətli yenidənqurma işlərinə start verildi. Qarabağın bərpası indi də prioritetimizdir. Çünki bu, əhalinin dədə-baba torpaqlarına köçünü yaxınlaşdırmaqla yanaşı, eyni zamanda Qarabağa əvvəlki ovqatın qayıtmasını təmin edəcək.
Torpaqlarımız işğaldan azad edildikdən sonra bir sıra dövlətlər, o cümlədən qardaş Türkiyə oradakı yenidənqurma işlərində iştirak etmək istədiklərini bildirdilər. Qardaş və dost dövlətlərin bu addımı, əlbəttə, ikitərəfli əlaqələrin inkişafına da töhfədir. Eyni zamanda bizi istəməyən tərəflərə ciddi mesajdır. Onlar qardaş və dostlarımızın torpaqlarımızın azad olunmasına necə sevindiklərini görürlər. Qazaxıstanın, Türkiyənin və Özbəkistanın bərpa və yenidənqurma işlərinə qoşulması isə xüsusi əhəmiyyətlidir. Məlum olduğu kimi, bu ölkələr Türk Dövlətləri Təşkilatına (TDT) daxildir. Deməli, sözügedən məqam ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm addım olmaqla yanaşı, həmçinin TDT daxilində də əməkdaşlıq mühitinə töhfədir.
Özbəkistanın Füzulidə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikməsi olduqca əhəmiyyətli hadisədir.
Bakıda keçirilən işğaldan azad olunmuş Qarabağ bölgəsinin bərpasına və inkişafına həsr olunmuş Türkdilli Dövlətlərin Biznes Forumunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Əmreyev dedi ki, türkdilli ölkələr Qarabağın bərpasında iştirak etmək niyyətindədir. Görünən budur ki, verilən söz tutulur. Qarabağın çox böyük iqtisadi, o cümlədən geniş günəş və külək enerjisi potensialı var. Bundan qardaş ölkələrin yararlanması olduqca vacibdir. Türkidili ölkə başçılarının Qarabağa ardıcıl səfərləri isə çox böyük dəstək əhəmiyyətinə malikdir”.
Məhəmmədəli QƏRİBLİ