"Araik Arutyunyan öz siyasi komandası ilə müəyyən təminatlara malik olaraq bu "mühasirəyə alınmış" qalanın qapılarını açmağa hazırdır və o, bu təhlükəsizlik zəmanətlərini Qərbdən Nikol Paşinyanın vasitəçiliyi ilə alıb". Bu iddia ilə hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Naqapetyan “Suallarım var” proqramında çıxış edib.
O iddia edib ki, indi bu qapıların içəridən açılması prosesi gedir, guya "xalq müqavimət göstərir", "hakimiyyət" isə bu anı saatbasaat yaxınlaşdırır. Hərbi ekspert Arutyunyanı "qapıları açmaqda" ittiham edərək qondarma blokada iddiasını qeyd etməyi də unutmur. O iddia edib ki, Araik rəqiblərini qorxutmaq üçün hər vasitədən istifadə edir ki, onlar Ağdam yolundan istifadəyə mane olmasınlar. O, həmçinin iddia edib ki, guya 1888-1992-ci illərdə də "blokada" olub.
"Vəziyyəti başa salmaq üçün görünür ona kömək edənlər olub, Araikə izah ediblər ki, başqa çarə yoxdur"
“Alyans” strateji araşdırmalar mərkəzinin rəhbəri Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində "BMT Təhlükəsizlik Şurasının son iclasından sonra Araik Arutyunyan və onun ətrafında olanlar anladılar ki, Ağdam-Xankəndi yolunun açılmasından başqa yol yoxdur. Çünki həmin iclasda iştirak və çıxış edənlərin böyük əksəriyyəti Laçın yolu ilə yanaşı Ağdam-Xankəndi yolunun da açılması zərurətini qeyd etdilər. Digər tərəfdən, Azərbaycan hakimiyyətinin qətiyyətli mövqeyi, güzəştə getməyəcəyi hamıya, ilk növbədə də Araik Arutyunyana aydın oldu və bundan son ra da vəziyyətdən çıxış yolları axtarılmağa başlanıldı. Rusiya nümayəndəsinin həmin iclasda elan etdiyi kimi, əvvəlcədən razılaşma əldə olunmuşdu, Laçın yolu açılmamışdan, ordan yüklərin daşınmasına icazə verilməmişdən əvvəl Ağdam-Xankəndi yolu açılmalı idi və humanitar yüklər oradan daşımağa başlanılmalı idi. Yalnız bundan sonra 24 saat ərzində Laçın yolunun da yüklərin daşınması üçün açılması məsələsi müzakirə oluna bilərdi. Təbiidir ki, digərlərindən fərqli olaraq üzərində məsuliyyət olan Araik Arutyunyan vəziyyətə daha real nöqteyi-nəzərindən yanaşdı və anlayır ki, Ağdam-Xankəndi yolu açılmalıdır. Özünə bu cür "hərbi ekspert" deyənlər, heç bir məsuliyyət hiss etməyənlər 1988-1992-ci illəri misal gətirərək Araik Arutyunyanı xəyanətdə günahlandırmağa çalışırlar, amma dərk etmirlər ki, 1988-1992-ci illərdə Qarabağ ermənilərini həm Rusiya, Qərb müdafiə edirdi, onların o separatist hərəkətlərinə dünyada böyük dəstək vardı. Bu gün o dəstək yoxdur. Bu gün dünya Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bunu hələ Qarabağ erməniləri içərisində, həm də Ermənistanda müəyyən adamlar anlamaqda çətinlik çəkirlər. Təbiidir ki, Araik Arutyunyan öz səviyyəsinə görə bu ermənilərdən heç də fərqli deyil. Sadəcə olaraq, vəziyyəti başa salmaq üçün görünür ona kömək edənlər olub, Araikə izah ediblər ki, başqa çarə yoxdur. Burda ilk növbədə Nikol Paşinyanın belə bir izahat işi aparması ehtimalı daha yüksəkdir. Çünki o, çoxdan Qarabağdakı ermənilərə başa salmağa çalışır ki, dünyada reallıq başqadır və sizin istəklərimizi dünya qəbul etmir. Dünya separatizmi artıq dəstəkləmir"-deyə bildirdi.
A.Səmədovun sözlərinə görə, söhbət Qarabağdakı separatizmdən gedir ki, artıq dünya ona dəstək vermir. "Tamamilə mümkündür ki, Paşinyandan başqa şəxslər də Araik Arutyunyanla müəyyən izahat işi aparıblar, ola bilsin ki, ona müəyyən təminatlar da verilib. Çünki Araiki və onun kimilərini təbiidir ki, həm vəzifə kürsüləri, həm ucuz populyarlıq, həm də əldə etdikləri sərvət hər şeydən çox düşündürür. Bu məqamda ilk növbədə əlidəkini qorumaq barədə düşünürlər, yollar axtarırlar. Yəqin müəyyən təminatlar, təhlükəsizlik və digər məsələlərlə bağlı təminatlar verilib. Ola bilsin ki, bu, Nikol Paşinyanın vasitəsi ilə edilib və Araik Arutyunyan da Ağdam-Xankəndi yolunun açılması zərurətini elan edib. Axıra qədər dayana biləcəkmi? Bunu yaxın günlər göstərəcək"-deyə A.Səmədov vurğuladı.
İradə SARIYEVA