Xankəndidə oturan oyuncaq "prezident", separatçıların başçısı Araik Arutyunyan, deyəsən, ağıllanmaq istəyir. Artıq erməni mediası Arayikin Ağdam - Xankəndi yoluna tərəfdar çıxdığını yazır.
“Hraparak” qəzeti yazır ki, "Arsax" "prezidenti" Arayik Arutyunyan srağagün əldəqayırma "Təhlükəsizlik Şurasının" iclasında Ağdam yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini açıqlayıb. Bu qərarın harada və nə vaxt verildiyini dəqiqləşdirməyib.
Qəzet iyul ayında Brüsseldə Aİ prezidenti Şarl Mişelin Azərbaycanın ermənilərin Ağdamdan keçən humanitar dəhlizlə təmin edilməsi təklifini alqışlamışdı. "Bu, Ermənistan hakimiyyətinin etiraz etmədiyi BMT Təhlükəsizlik Şurasının iclasında da müzakirə olunub" - deyə qəzet yazıb.
Verilən məlumata görə, Araik Arutyunyan bunu reallıq kimi təqdim edib və bu qərarın müqavimətə səbəb olacağı proqnozlaşdırıldığı üçün əvvəlcədən Karen Matevosyanın rəhbərlik etdiyi milislərin hərəkəti təşkil edilib. "Bu silahlı qrup, çox güman ki, yaxın vaxtlarda bu yolda quraşdırılmış maneələri sökməyə çalışacaq.
Arayik Arutyunyan bildirib ki, bu yolda ticarət “qismən” olacaq, tikinti materialları, dizel yanacağı, dərmanlar oradan keçəcək, ərzaq Laçın vasitəsilə Rusiya sülhməramlıları tərəfindən gətiriləcək, lakin bu, Laçın yolunun tam işləyəcəyi anlamına gəlmir"-deyə qəzet qeyd edib.
"Separatçıların əllərinin arxasını yerə qoyması beynəlxalq ictimai rəyin Azərbaycanın xeyirinə olması və onların aylardır davam etdirdiyi şouların nəticə vermədiyinin göstəricisidir"
İSBAM sədri Samir Adıgözəlli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, yayılan məlumat Arayikin təkləndiyinin və havadarlarının dəstəyindən mərhum olmasının nəticələrindən biridir.
"Bəli, erməni mediası belə bir informasiya yayıb ki, separatçıbaşının "rəhbərliyi" ilə qondarma "Təhlükəsizlik Şurasının" iclasında belə bir qərar qəbul olunub. Yazırlar ki, Araik və onun komandası Ağdam yolundan ticarət məqsədi ilə istifadəyə tərəfdar çıxıb, bu yol vasitəsilə yanacaq, dizel, tikinti, dərman vasitələri və sair aparacaqlar, ərzaq məhsulları isə sülhməramlılarının müşayiəti ilə Laçın yolundan gətirilib. Yayılan məlumatdan belə görsənir ki, rəsmi Bakının tələbləri artıq real nəticə verməkdədir. Bu, separatçıların başqa yolunun olmadığını göstərir, Aİ prezidenti Şarl Mişel də Azərbaycanın bu təklifinə ciddi dəstək verdi və Qarabağda yaşayan ermənilər üçün təklif olunan alternativ yolun tam uyğun olduğunu dedi. Separatçıbaşı görür ki, artıq Aİ də, başqa qurumlar da, dövlətlər də Azərbaycanın təklifini bəyənir, ermənilərdən bu təklifi qəbul etməyi tələb edirlər. Separatçıların Ağdam yolu ilə bağlı bütün təxribatları fiaskoya uğradı və köşəyə sıxılmış vəziyyətdə qaldılar, bu səbəbdən də Azərbaycanın təklifini qəbul etmək məcburiyyətində qaldılar".
S.Adıgözəlli qeyd etdi ki, artıq qondarma blokada oyunu da, yaradılan şoular da fayda vermədi, xüsusən BMT Təhlükəsizlik Şurasının son iclasında separatçılar istədiklərini əldə edə bilmədilər, bütün planları puça çıxdı. "Separatçılar Qərbdən tam dəstək ala bilmədilər, Rusiya da onların arxasında dayanmadı, beləliklə BMT Təhlükəsizlik Şurasının iclasından əliboş döndülər. Bu, separatçıların, Ermənistan daxilində olan revanşistlərin, sülhə qarşı olanların, Laçın yolu ətrafında şou yaradıb özlərini "blokadada olanlar" kimi qələmə verənlərin məğlubiyyəti oldu. Separatçıların əllərinin arxasını yerə qoyması beynəlxalq ictimai rəyin Azərbaycanın xeyrinə olması və onların aylardır davam etdirdiyi şouların nəticə vermədiyinin göstəricisidir"- deyə S.Adıgözəlli vurğuladı.
İradə SARIYEVA