Qarabağda qalan ermənilər arasında son dövrlərdə kəskin ziddiyyətlərin yaranması müşahidə olunmaqdadır. Bəzi Ermənistan informasiya vasitələri Qarabağda “humanitar fəlakətlə yanaşı“, daxili siyasi vəziyyətin də gərginləşdiyini bildirirlər. “News.am” saytının “keçmiş Qarabağ dövlət naziri Ruben Vardanyana” istinadən yazdığına görə, bunun səbəbi “Araik Arutyunyanın prezident vəzifəsindən” istefa vermək niyyəti olub. Lakin sonradan Arutyunyanın istefa vermək fikrində olmadığı məlum olub.
Xankəndidəki “parlamentin “Ədalət” fraksiyasının deputatı” Metakse Hakopyan qeyd edir: “Qarabağda vəziyyət o qədər gərginləşib ki, bu yaxınlarda bir qrup hərbi geyimli şəxs parlament binasına soxulub”. Məlum olub ki, “Qarabağ yığma qoşununun” komandiri Karen Matevosyan bir dəstə silahdaşı ilə birlikdə binaya daxil olaraq “parlamentin yeni seçilmiş rəhbəri David İşxanyandan prezident Araik Arutyunyanı” təhqir etdiyinə görə hesabat tələb edib. Matevosyan “Facebook”da birbaşa ünsiyyət zamanı təhdidlərin bundan sonra da davam etdiriləcəyi haqqında xəbərdarlıq edib. Qarabağda daxili siyasi vəziyyətlə bağlı məlumatında “Faktİnfo” nəşri isə öz mənbələrinə istinad edərək yazır ki, onlar vəziyyətdən iki çıxış yolunu görürlər: ya Arutyunyan təcili istefa verməlidir, ya da Ağdam vasitəsilə Qarabağa ərzaq tədarükü başlayacaq. Anonim mənbə əlavə edib ki, Arutyunyanın istefa vermək fikri yoxdur, ona görə də indi Ağdam vasitəsilə Qarabağa ərzaq məhsullarının idxalı məsələsi “hakimiyyətin” gündəmindədir. “Faktinfo”nun məlumatına görə, Qarabağda “hökumət komandası” yaradılıb və o, yaxın günlərdə Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Görüşün Azərbaycanın Bərdə şəhərində baş verəcəyi iddia olunur. Bütün bunlardan Arutyunyana qarşı çıxan Ruben Vardanyan ciddi narahat olub. O, bu günlərdə Araiki yalan danışmaqda, “istefasını” elan edib yerinə yetirməməkdə ittiham edib. Bunun ardınca isə Arutyunyanın “ofisi” aqressiv bir açıqlama yayaraq, Araikin “istefa” qərarını Ruben Vardanyanın vermədiyini bildirib. Açıqlamada istifadə edilən ifadələr, ritorika qruplararası gərginliyin düşmənçilik səviyyəsində olduğunu göstərir. Məhz bu açıqlamadan sonra proses artıq silahlı müdaxilə mərhələsinə qədəm qoyub. Belə ki, “Qraparak” qəzetinin yazdığına görə, Araik Arutyunyanın dostu olan Karen Matevosyanın başçılıq etdiyi “bir qrup milis” “parlament”ə soxularaq “deputatları” hədələyib. Kimsənin Araik Arutyunyanın “istefasını” tələb etməsinin mümkünsüzlüyünü bildirib. Qəzet yazır: “İstefa xəbərini eşidəndən sonra Matevosyan Arutyunyanla görüşüb. Araik təsdiqləyib və deyib ki, heç kim onun tərəfində deyil, hamı onu günahlandırır, ona görə də getmək qərarına gəlib. Matevosyan öz liderini müdafiə etmək, “deputatları” Arutyunyanın yanında olmağa çağırmaq üçün bir qrup milislə birlikdə parlamentə girib. Və artıq “milis rəhbəri” canlı yayıma çıxıb, “Qarabağ xalqı”na bildirib ki, öz silahlı dəstələri ilə “hökuməti” təşkil etmək və parlament seçkilərini keçirmək məsuliyyətini öz üzərinə götürür. Üstəlik o, vəziyyətə görə hamını, o cümlədən keçmiş “prezidentləri” günahlandırıb və hədələyib ki, razılığa gəlməsələr, onlarla məşğul olacaq”. Erməni fəal Artur Osipyan bildirir ki, Xankəndidə separatçılar arasındakı çəkişmələr “hakimiyyət” üstündədir: “İndiki vəziyyət hakimiyyət davasına görədir. Faktiki olaraq siyasi müharibə aparılır, qalanları isə onun nəticələridir. Bu insanlar hesab edir ki, artıq xaos yaranıb, indiki vəziyyətdən çıxış yolu tapmaq mümkün deyil və bu, hakimiyyəti ələ keçirmək üçün son məqamdır. Qarabağı qarət etdilər, indi Ermənistanda hakimiyyəti dəyişmək üçün qoşun hazırlayırlar”. Onun sözlərinə görə, bu vəziyyət həll olunmasa, Qarabağda daxili qarşıdurma başlayacaq: “Qarabağ Ruben Vardanyanın vecinə deyil, ona Qarabağ erməniləri lazımdır ki, onların köməyi ilə İrəvanda hakimiyyətə gələ bilsin. O, 30 ilin bütün günahlarını Araik Arutyunyanın üzərinə atıb, təmiz şəkildə hakimiyyətə gəlmək istəyir”.
Bu şəraitdə Qarabağda qalan ermənilər bölgəni tərk etməyin daha rasional addım olduğunu düşünür. Artıq Qarabağda yaşayan xeyli sayda erməni sakin son günlərdə Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedib. Sərhədi keçənlərin əksəriyyətinin gənclər, azyaşlılar olduğu da məlumdur. Sərhəddən özü keçənlərlə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri ilə Qarabağdan aralarında xəstə şəxslərin olduğu insanlar da Ermənistana aparılıb. Prosesin davam edəcəyi gözlənilir. Ermənistan parlamentinin “Şərəfim var” müxalifət fraksiyasının katibi Tiqran Abramyan bildirir ki, Qarabağda kəskin ziddiyyətlər buradan köçün davam etməsinə səbəb olacaq: “Qarabağda ziddiyyətə səbəb Ağdam yolu ilə humanitar yardımın çatdırılması ilə bağlı yaranan fikir ayrılığıdır. Xankəndiyə bu təkliflə razılaşmaq üçün İrəvandan təzyiqlər edilir. Qarabağda hesab edirlər ki, bu yolun açılması Qarabağı Azərbaycana qaytaracaq. Amma Ermənistan hakimiyyətinin artan təzyiqi İrəvanla əməkdaşlıq edən qüvvələri bu mövzunu aktiv şəkildə inkişaf etdirməyə vadar edir ki, bu da daxili siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarır”.
Nahid SALAYEV