Azərbaycan Prezidenti İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi faktını qardaşlıq və dostluğun göstəricisi adlandırıb.
Bu barədə dövlət başçısı özbək həmkarı ilə mətbuata bəyanatında deyib: “Şavkat Miromonoviç, Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram. Xoş gəlmisiniz! Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə, xalqımıza münasibətinizin göstəricisidir. Qardaş Özbəkistan xalqı Sizə bir daha böyük etimad göstərib, Özbəkistanın inkişafında Sizin səylərinizə yenə layiqincə qiymət verib. Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mən Sizin rəhbərliyiniz altında Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanına malik oldum”.
Bəllidir ki, prezidentlər seçiləndən sonra ilk səfəri hansı ölkəyə etmələri böyük önəm daşıyır. Adətən bu tip səfərlər qardaş ölkələrə edilir. Azərbaycanla Türkiyə arasında uzun dönəmdir ki, bu ənənə yaşadılır. Özbəkistan prezidentinin ilk səfərini məhz Azərbaycana etməsi nədən xəbər verir?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Şavkat Mirziyoyev bu addımı atmaqla Azərbaycana, onun xalqına və Prezidentinə olan böyük rəğbətini nümayiş etdirdi: “Onun prezident seçiləndən sonra ilk səfərini bizim ölkəmizə etməsi göstərdi ki, Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq əlaqələri heç də uzaq olmayan zaman ərzində strateji müttəfiqlik səviyyəsinə qalxa bilər. Bu səfər zamanı iki ölkə arasında strateji müttəfiqliyi şərtləndirə biləcək olduqca məzmunlu müqavilələr imzalanıb. Belə müqavilələr yalnız münasibətləri ən yaxın olan ölkələrin arasında imzalanır. Mirziyoyev bu səfər çərçivəsində həm də işğaldan azad edilən Füzuliyə səfər etdi. Orada Özbəkistan dövlətinin hesabına tikilən məktəb binasının açılışını etdi. Bu onu göstərir ki, işğaldan azad edilən ərazilərin bərpasında türkdilli ölkələr də yaxından iştirak edir. Belə bir səfərin reallaşması ölkələrimiz arasındakı münasibətlərin olduqca əlahiddə olmasından xəbər verir. Burada həm prezidentlərin bir-biri ilə yaxınlığı, həm də xalqların kök yaxınlığı bu məsələlərin düzgün məcrada axarına imkan verir. Özbəkistan prezidentinin bu səfəri iki ölkə arasındakı münasibətləri yeni, daha yüksək müstəviyə qaldıracaq. Bundan sonra ölkələrimiz daha sıx tellərlə bir-birinə bağlı olacaq”.
Məhəmmədəli QƏRİBLİ