Məlumdur ki, bir neçə gün əvvəl Qarabağ ərazisində kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun yaydığı məlumatda qeyd edilir ki, 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. İki qalıq artıq dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov media nümayəndələrinə açıqlamasında deyib ki, onlara şəhid statusunun verilməsinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq: “Hazırda kütləvi məzarlıqda tapılanların dəfn mərasimlərinin təşkili istiqamətində işlər həyata keçirilir və yaxın günlərdə mərhələli şəkildə dəfn mərasimləri təşkil olunacaq”.
Maraqlıdır, nəşi kütləvi məzarlıqlarda tapılanlara şəhid statusu veriləcək?
Aydın Mirzəzadə: “Kütləvi məzarlıqlarda tapılanlara şəhidlik statusu veriləcək, çünki…”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, birinci Qarabağ müharibəsinin əks-sədası hələ də gəlməkdədir. Döyüşlərdə həlak olan, əsir götürülərək ermənilər tərəfinfən vəhşicəsinə öldürülən insanların qalıqları yenə də tapılmaqdadır. Kütləvi məzarlıqların aşkar olunması həmin dövrdə ermənilərin azərbaycanlılara qarşı necə rəftar etdiyinin təsdiqini növbəti dəfə göstərir.
Millət vəkilinin sözlərinə görə, kütləvi məzarlıqda tapılanlar ehtiramla dəfn edilir, ailələrinə baş sağlığı verilir. İllərdir öz yaxınlarının taleyini bilmək istəyənlərin sualına artıq cavab tapılır.
A.Mirzəzadə bildirdi ki, onlara şəhidlik statusu veriləcək. Çünki kütləvi məzarlıqda tapılanlar döyüşlərdə həlak olub, əsir götürülərək işgəncə ilə öldürülüb: "Qanunlarımız da bu tip şəxslərə şəhidlik statusunun verilməsinə icazə verir. Onlar Zəfər günümüzü görmədilər. Ancaq zəfər üçün canlarını qurban verdilər. Onların əziz xatirəsi azərbaycanlıların xatirəsindən heç vaxt silinməyəcək".
Rəhilə Mehdiyeva: “Dövlətimiz şəhid statusu ilə bağlı öz qərarını verəcək”
"Sosial-İqtisadi və Ekoloji İnkişaf" İB nin sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rəhilə Mehdiyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 30 ildən çoxdur həmin şəxslər haqqında ailələri məlumatsız, xəbərsiz idi. Onları gözləri yolda, eşidəcəkləri xəbərlərdə axtarıblar: “Acı bir haldı. Qeyd etdiyiniz kimi, dövlət rəsmiləri bununla bağlı ilkin münasibətlərini bildirib. Kütləvi məzarlıqlarda hərbiçilərimizin də, mülki vətəndaşların da qalıqları aşkar edilib. Əlbəttə, onlar torpaqlarımızın azadlığı uğrunda canını fəda edib. Düşünürəm ki, dövlətimiz şəhid statusu ilə bağlı öz qərarını verəcək”.
Birlik sədri hesab edir ki, ilk öncə öz torpaqlarımızda insanlara qarşı erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Özü də göründüyü kimi - həqiqəti!
Günel CƏLİLOVA