Sosial şəbəkələrdə Zərdab rayonunda Azərbaycan Bayrağına və xəritəsinə qarşı hörmətsizlik edilməsi ilə bağlı məlumat yayılıb. Məlumata görə, Zərdab rayonunun “Dördyol” adlanan hissəsində quraşdırılmış tağda Azərbaycanın xəritəsi və Bayrağı yanlış əks edilib. Belə ki, bayrağımızın göy rəngi və xəritənin şimal hissəsi silinib.
Maraqlıdır, dövlət rəmzlərinə hörmətsizlik mövcud qanunvericilikdə hansı məsuliyyətə səbəb olur?
“Azərbaycan Respublikasının Bayrağı, Gerbi və Himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Cinayət Məcəlləsinin 324-cü maddəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı və ya Dövlət Gerbi barədə təhqiredici hərəkətlərlə bağlı müddəalar yer alıb: “Qanunvericilikdə qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı və ya Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlər - iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dövlət bayrağına hörmətsizlik təkcə hüquq normalarına deyil, cəmiyyətin əxlaq normalarına da sığmayan bir hərəkətdir. Ümumiyyətlə, Dövlət Bayrağı və Gerbi bizim üçün müqəddəsdir və hər hansı bir formada təhqir edildikdə qanuna uyğun şəkildə cəza müəyyən edilib”.
H.Axundov bildirdi ki, vətənpərvərlik daxildən gələn bir hissdir ki, bu hissləri də müəyyən vasitələrlə tərbiyələndirmək, düzgün istiqamətə yönəltmək lazımdır: "Bu vasitələrdən biri də dövlət rəmzlərinin təbliğidir, onun məna və məzmununun düzgün izah edilməsidir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Bayrağı, Gerbi və Himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir”.
Günel CƏLİLOVA