Azərbaycan özünün qonşusu olan və olmayan dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biri olan Macarıstanla müxtəlif sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindəndir.
Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir və bu münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq əsasında inkişaf edir.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın 1 il ərzində sayca ikinci Macarıstan səfəri, əlbəttə ki, dostluq və etibarlı tərəfdaşlıq münasibətlərindən, ölkələrimiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişafından qaynaqlanır.
Hər iki dövlət həqiqətən də dost və tərəfdaş ölkələrdir. Bunu təkcə ikitərəfli münasibətlərə aid proseslərin gedişatında yox, eyni zamanda beynəlxalq platformalarda da aydın sezmək mümkündür. Bu səbəbdən də Azərbaycan-Macarıstan münasibətləri artıq strateji tərəfdaşlıq kimi müəyyən edilib. Hələ 2023-cü il yanvarın 30-da cənab Prezidentin Budapeştə səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu tərəfdaşlığın hansı səviyyədə olduğunu açıq-aşkar nümayiş etdirirdi.
Prezident və Birinci xanımın yenidən Macarıstana səfər etməsi dövlətlərimiz arasındakı münasibətlərin hansı səviyyədə olmasından xəbər verir?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir: “Biz ölkə başçısının Macarıstana səfərini, həmin ölkənin Baş naziri ilə şəxsi dostluq və qardaşlıq münasibətlərini görürük. Bu səmimi münasibətlər ölkələrimiz arasındakı münasibətlərin daha dinamik inkişafına stimul verir. Azərbaycan son illər Avropanın əvəzedilməz tərəfdaşlarından birinə çevrilib. Biz Avropanın Cənubi Qafqazdakı bir nömrəli tərəfdaşıyıq. Avropa İttifaqı ilə Azərbaycan əlaqələri sürətlə inkişaf edir. Bu baxımdan da biz Macarıstanla olan münasibətlərimizi yüksək qiymətləndirməliyik. Həm iqtisadi, həm də siyasi baxımdan münasibətlərin dərinləşməsini xüsusi vurğulamalıyıq. Qarşılıqlı səfərlər və təmasların intensiv hal alması da çox sevindiricidir. İmzalanan sənədlər ölkələrimiz arasındakı münasibətləri daha da irəli aparır. Azərbaycan həm də Avropanın enerji təminatında mühüm rol oynayır. Macarıstanla da bu sahədə əməkdaşlığımız var. Bu həm də onu deməyə əsas verir ki, qarşılıqlı əməkdaşlıq növbəti illərdə də artaraq genişlənəcək”.
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər bu gün Türk Dövlətləri Təşkilatı (TDT) səviyyəsində çox uğurla inkişaf etdirilir. Macarıstanın müşahidəçi qismində qoşulduğu təşkilat çərçivəsində Bakı ilə Budapeşt əlaqələri daha da möhkəmlənir. Macarıstanın bu təşkilata qoşulmasında Bakının rolunun az olmadığını nəzərə alsaq, o zaman iki ölkənin bir-birinə olan münasibətləri, dostluğu, sadiqliyi mübahisə mövzusu ola bilməz.
Təkcə TDT səviyyəsində yox, iki ölkənin bir-birinə olan dəstəyi digər beynəlxalq platformalarda daim müşahidə edilib. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vışeqrad Qrupu çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir və hər ötən gün bu əməkdaşlıq daha çox strateji əhəmiyyət daşımağa başlayır.
Məhəmmədəli QƏRİBLİ