Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Avqustun 21-də məntəqədən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib.
Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan ermənilərdir.
Məlumatlara görə, onlar əsasən Azərbaycan ərazisində separatizmə dəstək verən insanlardır ki, artıq bizim torpaqları tərk edirlər.
Birmənalı olaraq belədir, onlar da, havadarları da anlayıblar ki, bu çirkin oyunu davam etdirə bilməyəcəklər.
Bu insanlar Azərbaycan torpaqlarını məcburi şəkildə deyil, könüllü tərk edirlər və könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı ehtimal edilir.
Məlumdur ki, Qarabağda yaşayan ermənilər arasında Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan qanunları ilə yaşamaq istəyənlər daha çoxdur. Onlar da anlayırlar ki, Azərbaycan vətəndaşı kimi daha yaxşı yaşaya bilərlər. Odur ki, separatizmdə iştirakı olanlar reallığı dərk edərək könüllü şəkildə bizim torpaqlardan çıxıb gedirlər, hətta Rusiya vətəndaşı olmaqları belə onları qanunsuz gəldikləri torpaqda saxlaya bilmir.
"Onlar elə bilirdilər ki, Rusiya pasportunun arxasında həmişəlik gizlənə və öz çirkin niyyətlərini həyata keçirə biləcəklər, amma yanıldılar"
"Müasir İnkişaf" Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycan torpaqlarında qanunsuz məskunlaşan insanların gəldikləri kimi torpaqlarımızı tərk edəcəkləri də gözlənilməz deyildi. "Erməni əsilli Rusiya vətəndaşlarının Qarabağı tərk etməsi barədə məlumatlar, video görüntülər yayılıb. Düşünürəm ki, Xankəndidə, Xocalıda, bir sözlə, Qarabağda separatizmlə məşğul olan şəxslər üçün gerisayım başlayıb. Azərbaycan onların fəaliyyət dairəsini son dərəcə məhdudlaşdırıb. Azərbaycanın yürütdüyü siyasət nəticəsində separatizmlə məşğul olan, ona dəstək verən bu şəxslər anlamağa başlayıblar ki, bu yolun perspektivi yoxdur. Bu mənada artıq onlar Qarabağı tərk edirlər. Hesab edirəm ki, Erməni əsilli Rusiya vətəndaşları könüllü olaraq Qarabağı bir daha dönməmək üzrə tərk edirlər. Həmin şəxslər bir daha geriyə dönmək istəsələr belə Azərbaycan onları Qarabağa buraxmanaqda tam haqlı və ədalətli olacaq. Mənə elə gəlir ki, bu prosesin davamı gələcək və 60 nəfərin ardınca da Qarabağı tərk edən erməni əsilli Rusiya vətəndaşları olacaq. Bizim torpaqlarda separatçılığa və "dövlət-dövlət" oyunu oynayanlara ehtiyac yoxdur".
M. Göyüşlü qeyd etdi ki, onlar separatçıların, erməni lobbisinin təhriki, şirinlışdirici təklifi ilə ora gəlmişdilər, indi isə hər şeyi dərk edib gedirlər. "Onların oyunları Azərbaycanda keçməyəcək. Rusiya vətəndaşlığı altında həyata keçirdikləri hərəkətlər Azərbaycan tərəfindən ifşa olunur. Onlar elə bilirdilər ki, Rusiya pasportunun arxasında həmişəlik gizlənə və öz çirkin niyyətlərini həyata keçirə biləcəklər, amma yanıldılar. İndi onların özləri də, havadarları da yaxşı anlayır ki, Azərbaycanda onların kirli oyunları üçün meydan yoxdur. Odur ki, çıxıb gedirlər, bu köçün ardı da olacaq - deyə M.Göyüşlü əlavə etdi.
İradə SARIYEVA