Rusiya - Qazaxıstan münasibətlərində çox ciddi "alt qat" prosesləri gedir.
Rus mediasında Qazaxıstanın rusofob siyasət apardığını iddia edən materiallar intensivləşir. Qazaxıstanın Rusiyanı Mərkəzi və Cənub-Şərqi Asiya kimi taxıl bazarlarından məhrum etmək məqsədilə siyasət aparması iddiaları artır.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
- "Dost çətin gündə bilinir" məsəli altında "Qazaxıstan bizə niyə arxadan zərbə vurur" kimi kəskin ittiham tonlu suallara rus mediasında açıq yer verilir. Qazaxıstanın KTMT üzvü kimi Rusiyadan taxılı qəpik- quruşa alıb çox baha qiymətə satdığına dair ittihamlar da var. Açıq ittihamların biri də budur ki, Qazaxıstan Rusiyaya sanksiya altında olan malların tranzit ötürməçiliyindən imtina etməyə başlayıb. Bu günlərdə iş hətta o yerə çatıb ki, Qazaxıstan məşhur "Çarqrad" rus saytının yayımını bloklayıb. Moskva - Kazan M2 trası çəkiləndən sonra bu yolu Sverdlovska qədər uzatmaqla Qazaxıstandan yan keçəcək Rusiya - Çin trassının salınması planı barədə xəbərlər də mediada özünə yer alır. Nə baş verir?
Qarşıdakı həftələrdə Putinin Qazaxıstana səfəri rəsmi məlumatlarda deyildiyi kimi baş tutsa, çox şeylər aydınlaşa bilər...
Tahir TAĞIYEV