Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Beynəlxalq həyat” jurnalına müsahibəsində deyib ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərinin Qərbin onları hərbi-siyasi gərginliyi artırmaq planlarına cəlb etməyə imkan verməyəcəyinə əmindir.
Lavrov əlavə edib ki, başqa dövlətlərə “həyat öyrətmək” və ya onların necə və kiminlə münasibət quracağını diktə etmək Moskvanın qaydalarına daxil deyil:
“Əminik ki, müttəfiqlərimiz son vaxtlar Qərbin öz ölkələrinə artan diqqətinə kritik yanaşacaq və onların hərbi-siyasi gərginliyi artırmağa yönəlmiş planlara cəlb olunmasına imkan verməyəcəklər. Bütövlükdə, əlbəttə ki, biz gözləyirik ki, KTMT-dəki müttəfiqlərimiz bu təşkilat çərçivəsində öz öhdəliklərinə zidd addımlar atmayacaqlar. Rusiya heç bir qonşumuza və tərəfdaşımıza heç kimlə qarşılıqlı əlaqə qurmağı qadağan etmir, lakin həmişə qanuni maraqlarımızın nəzərə alınmasını xahiş edir. Düşünürəm ki, bizi eşidirlər”.
Lavrovun bu sözlərindən daha çox Ermənistana pay düşür. Çünki eyni anda iki stulda oturmağa çalışan KTMT üzvü məhz Ermənistandır. Ancaq maraqlıdır ki, Rusiya bu yöndə yalnız bəyanat verməklə kifayətlənir və Ermənistana qarşı əməli addım atmır. Bunun səbəbi nə ilə bağlıdır?
Politoloq Ramiyyə Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan son illərdə Rusiyaya qarşı açıq şəkildə ikiüzlülük edir: “Bu ölkənin baş naziri Nikol Paşinyan gah sürətlə Moskvaya yaxınlaşır, ya da özünü qərbyönlü göstərmək üçün demokratik dəyərlərdən danışır. Ancaq hər iki halda o, yalan danışır, saxtakarlıq edir.
Nikol Paşinyan müxalifətdə olduğu, daha doğrusu Qərbin qrantları hesabına ictimai-siyasi fəaliyyətlə məşğul olduğu illərdə Kremlin himayə etdiyi KTMT-yə və Avrasiya İqtisadi İttifaqına qarşı çıxışlar edirdi. O, bu təşkilatların sırasında qalmağı faydasız sayır, üzvlükdən çıxmaq barədə təklif irəli sürürdü.
44 günlük müharibədə, ondan sonrakı dönəmdə rəsmi İrəvanın NATO qüvvələrinin Ermənistan ərazisində yerləşdirilməsi istiqamətində cəhdləri üzvü olduğu KTMT-nin və strateji müttəfiqi sayılan Rusiyanın maraqlarını Qərbə satmaq idi. Habelə, rəsmi İrəvan KTMT-nin əsaslarını sarsıtmaq üçün bir sıra pozuculuq fəaliyyəti göstərib. Ermənistan faktiki olaraq bütün dünyanı, o cümlədən üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qanunsuz, saxta tələbləri, istəkləri ilə təngə gətirib. Paşinyanın Qərb və Rusiya arasında “siçan-pişik” oyunu onu tamamilə qeyri-ciddi bir duruma salıb. Odur ki, hazırda nə etməli olduqlarını müəyyən edə bilmirlər. Ermənistan rəhbərliyinin sağlam düşüncəsi olsaydı KTMT və ya Qərbin arxasınca gedərək qapılarda yalvarmaqdansa, Azərbaycanla sülh müqaviləsini imzalayaraq normal insanlar kimi yaşamalarına başlayardılar. Ermənistanın gələcəyi Azərbaycandan asılıdır. Nə qədər ki, Paşinyan və onun komandası reallığı düzgün dəyərləndirə bilməyəcəklər, onlar yol ayrıcında azıb məhv olmaqda davam edəcəklər. Çox təəssüflər olsun ki, Rusiya Ermənistanın bu satqınçılığına yalnız bəyanatlarla cavab verməyi məqbul sayır”.
Məhəmmədəli QƏRİBLİ