İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin mühüm hissəsidir. Amma Ermənistan bu faktları gizlədir, inkar edir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tvitter) sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Ermənistan indiyədək I Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4000 azərbaycanlının işgəncələrə məruz qaldığı, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarların geolokasiyasını təqdim etməkdən imtina edir:
“Kütləvi məzarlıqlarda qalıqları tapılan 15 itkin düşmüş şəxslərdən biri Hüseynov Gülverdinin qızları 30 ildən sonra nəhayət ki, atalarının məzarlığına qovuşduğuna çox seviniblər”.
Qeyd edək ki, avqustun 18-də itkin düşmüş 15 nəfərin taleyinə aydınlıq gətirilib.
Xatırladaq ki, iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib. Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.
İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.