Şəxsiyyəti müəyyənləşdirilmiş meyit qalıqlarının dəfn edilməsi üçün məzarlıq yerlərinin ayrılması üçün Nazirlər Kabinetinə rəsmi müraciət edilib.
Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, hazırda bu məsələyə baxılır.
Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.
Xatırladaq ki, bundan əvvəl iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib.
İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.