Ermənistan 30 illik işğal dönəmində Qarabağ və ətraf rayonlarda qeyri-qanuni fəaliyyətlə məşğul olub. Belə ki, işğal olunmuş ərazilərdə ermənilər tərəfindən narkotik maddələr əkilib-becərilib, xüsusi laboratoriyalarda emal edilib və müxtəlif ölkələrə göndərilib. Bununla bağlı Azərbaycan tərəfi hələ Qarabağın işğalı dövründə dəfələrlə beynəlxalq qurumlar qarşısında məsələ qaldırıb.
Qarabağın düşmən işğalından azad olunmasından sonra ermənilərin həmin ərazilərdə saldığı narkotik plantasiyaları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Şeylanlı kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib. Yabanı halda bitən, ümumilikdə çəkisi 2 ton 620 kiloqram olan 8400 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.
Bu kimi faktlar sübut edir ki, Ermənilər 30 il Qarabağda narkotik əkməklə məşğul olub.
“Düşmən 30 ilə yaxın işğalda saxladığı ərazilərdə təkcə narkotik əkib-becərməklə məşğul olmayıb, digər qanunsuz əməllər də törədib”
Azad Vətən Partiyasının rəhbəri Akif Nağı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu kimi məsələlərlə bağlı Azərbaycan tərəfi dəfələrlə öz mövqeyini bildirib, beynəlxalq təşkilatlara müraciət edib. Düşmən 30 ilə yaxın işğalda saxladığı ərazilərdə təkcə narkotik əkib-becərməklə məşğul olmayıb, digər qanunsuz əməllər də törədib. Heç kimə də sirr deyildi ki, 30 illik işğal dönəmində ermənilər həmin torpaqlardan iyrənc məqsədlər üçün istifadə edib. Nüvə qalıqları, tullantılar Qarabağda basdırılıb. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə müraciət edib ki, ermənilər o ərazilərdən narkotiklə bağlı xüsusi məqsəd üçün istifadə edirlər: “30 illik işğal dövründə ermənilər o ərazilərdə narkotik əkib. Sonra onu başqa ölkələrə satıblar. Məlumatlara görə, Ermənistanda narkotik maddələrin hazırlanması ilə bağlı ayrıca labaratoriyalar belə var. Bu kimi faktlar artıq ortaya çıxır".
A.Nağı son olaraq bildirdi ki, bu gün ərazilərimizi işğaldan azad etmişik, düşmənin viran qoyduğu yerləri bərpa edirik, eyni zamanda onların narkotik plantasiyalarının kökü kəsilir və kəsiləcək.
Günel CƏLİLOVA