Azərbaycan ərazisinə sızmağa çalışan erməni kəşfiyyat-diversiya qrupunun qarşısı alındı, diversantlardan biri - Voskanyan Qaqik Aşotoviç ələ keçirildi. BMT Təhlükəsizlik Şurasında müzakirələrin keçiriləcəyi gün bu təxribatın baş verməsi diqqət çəkir.
İrəvanın əsas məqsədi BMT TŞ-də Azərbaycana qarşı qərarın çıxarılması və Laçın sərhəd-keçid məntəqəsinin açılması üçün təzyiqlərin edilməsi idi, lakin buna nail ola bilmədi.
Çox güman ki, kəşfiyyat-diversiya qrupunun göndərilməsi də məhz BMT TŞ-də müzakirələrə təsir etmək məqsədi daşıyıb. Bəllidir ki, kəşfiyyat-diversiya qrupu Azərbaycan ordusuna qarşı təxribat planlaşdırıb. Bu təxribat baş tutsaydı, hərbi eskalasiyanın yaranması qaçılmaz olacaqdı və İrəvan BMT TŞ-də Azərbaycanı “hücum edən” tərəf kimi göstərəcəkdi.
İstisna deyil ki, diversiya qrupuna Azərbaycan ordusuna qarşı təxribatın törədilməsi ilə yanaşı, müəyyən mövqelərin ələ keçirilməsi tapşırığı da verilib. İrəvanın məqsədi sərhəd boyunca üstünlük əldə etmək və danışıqlarda əlini gücləndirməkdir.
Hərbi-siyasi şərhçi Emin Həsənli “Bakı-Xəbər”ə bildirdi ki, hər danışıqlar gedən ərəfədə, istər birinci Qarabağ müharibəsi dövründə olsun, istər atəşkəs dövründə, ermənilər hər zaman təxribat törədiblər: “Hakimiyyət dəyişsə də, xislət dəyişmir. Çar Rusiyası, bolşevik Rusiyası, Sovet İttifaqı dövründə onlar müstəqil olmayıb, adları müstəqil olub. Ermənistan Azərbaycana qarşı hər zaman eyni davranıb və terror, işğal, ən ağır cinayətləri törədib. Onların məqsədi odur ki, Azərbaycana qarşı beynəlxalq birlikdə müxtəlif rəylər yaratsınlar. Özlərinin gördükləri çirkin işləri, təxribatı, cinayəti qarşı tərəfin üzərinə atıb, özlərini əzilən, haqsızlığa məruz qalan, blokadada olan xalq kimi təqdim etsinlər. Naxçıvan on illərdir blokadadır. Nə üçün bunu bildirmirlər? Yaxud, birinci Qarabağ müharibəsində Azərbaycanın kəndləri blokadada idi. İndi Birləşmiş Millətlər Təşkilatı da, beynəlxalq ictimaiyyət də artıq onların yalanlarına inanmır. Diplomat Yaşar Əliyev şəkillərlə, faktlarla sübut etdi ki, onlar unudurlar ki, Azərbaycan dövləti 90 - cı illərdəki kimi deyil. Güclü xarici siyasəti var və on illərdir dünyanın aparıcı dövlətləri iş aparır. Xeyli məsafə qət etdik. Bizim peşəkar ordumuz var, qələbəni təmin etdi. İndi də xarici siyasətdə belə iş aparılır. Onların təxribatları ard - arda iflasa uğrayır, həm diplomatiya, həm münaqişə cəbhəsində. Bu, Azərbaycanın növbəti qələbəsi deməkdir. Mən inanıram ki, bundan da böyük qələbələrimiz olacaq. Ermənistan birdəfəlik ağlını başına yığıb sülh imzalamalıdır, Azərbaycan qanunlarına Qarabağda yaşayanlar tabe olmalıdır. Ermənistan Azərbaycanla normal qonşu kimi yaşamalı və üzr istəməlidir. Zəngəzur dəhlizi açılmalıdır və sərhədlər bəlli olmalıdır. Ya da bu bölgədə yaşaya bilmirlərsə, gəldikləri yerə getməlidirlər. Bu cür münasibət qəbul olunmayacaq. Azərbaycanda yaşından asılı olmayaraq istənilən adama yaxınlaşıb sorğu keçirsək, deyəcəklər ki, biz onlara inanmırıq. Çünki Ermənistan və arxasında olan güclər heç vaxt öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər. Ermənistanla əxlaq çərçivəsində mübarizə aparmaq mümkünsüzdür”.
Məhəmmədəli QƏRİBLİ