İran Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Cəfər Sübhani İranda 50 min məscidin istifadəsiz qaldığını deyib. Bir müddət öncə İranın “Rəsa” saytı məlumat yayaraq, bunu ölkə üçün faciə adlandırıb. Bildirib ki, bunun həlli, insanların məscidlərə cəlb olunması ilə bağlı əsaslı mədəni fəaliyyət aparılmalıdır.
İranın ali dini liderinin Yəzd vilayəti üzrə nümayəndəsi və Yəzd şəhərinin cümə imamı Məhəmməd Rza Nasiri də məscidlərin boşalması haqqında fikir bildirib. O deyib ki, virtual aləmdə məscidlər əleyhinə çoxlu təbliğatlar aparılır və əhali arasında məscidlərin əhəmiyyətinin az olduğu qeyd edilir: “Dövlət və aidiyyəti qurumlar tərəfindən məscidlərin əhəmiyyəti və onun əsas rolunun bəyan olunması istiqamətində lazımi addımlar atılmalıdır”.
Qeyd edək ki, İranda 50 min məscidin istifadəsiz qaldığı, yeniyetmə və gənclərin artıq dini təhsilə maraq göstərmədiyi bildirilir.
“İranda məscid sayı çox olsa da, ordan siyasi məqsəd və təbliğat vasitəsi kimi istifadə edilir”
İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İran əhalisi ibadətdən başqa nə işlər varsa hamısı ilə məşğuldur. İranda əhalini məcburi şəkildə məscidə yığırlar: "İnsanları məscidə müxtəlif səbəbə görə toplayırlar. İran mollalarının cümə günləri məscidlərdə yığışmaqlarının səbəbi konfrans təşkil etməkdir. Onlar orda cümə namazı qılmır. İsrailə, Amerikaya lənət oxuyur, qonşularla düşmənçiliyin hansı formada aparılacağını müzakirə edir, eyni zamanda, Azərbaycan əleyhinə danışıqlar aparırlar. Həmçinin, iranlılar məsciddə toplaşarkən xurafata da meyl edirlər. Zəncir vurmaq, mərsiyə demək, ələm oynatmaq və digər çirkin işlərlə də məşğul olurlar".
Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, İranda məsciddən sülhün əleyhinə istifadə olunur. Bu səbəbdən də İran əhalisi məscidə getmək istəmir. Məcbur olmasalar bir nəfər belə məscidə getməz: "Azərbaycanlılar yaşayan ərazilərdə insanlar artıq dinə nifrət edir. Çünki İranda İslam dini hörmətdən salınır, təhqir edilir. Nəzərə almaq lazımdır ki, İranın ali ideologiyası İslamı məhv etməkdir. Onların əsas niyyəti Sasani imperiyasını dirçəltməkdir. İranlılar dini aradan götürmək üçün bu yolu seçiblər. Onu da deyim ki, İranda müsəlman olan başqa xalqların nümayəndələrinə qarşı xoş olmayan münasibət göstərilir. Maraqlıdır, özünü müsəlman adlandıran rejim necə ola bilər ki, başqa islam ölkələri ilə düşmən olsun? O da danılmaz faktdır kı, İran müsəlman əleyhinə olan terror təşkilatları ilə dostluq münasibətindədir. Bu isə İslama ziddir".
T.İrfanın sözlərinə görə, İranda məscid sayı çox olsa da, ordan siyasi məqsəd üçün istifadə edilir. İran məscidlərdən təbliğat vasitəsi kimi istifadə edir. Halbuki, məscid Allaha ibadət evidir. İnsanlar ibadət etmək üçün ora üz tutmalıdır. Ancaq İranda bu görünmür: "Onu da deyim ki, kimsə məscidə getmək istəməsə gecə ilə həmin şəxsə işgəncə verilir, təzyiq edilir. İranda Aşurada iştirak etmək vacibdir. Vətəndaş məscidə getməkdən imtina etsə onun uşağı məktəbdən çıxarılır və ya işdən azad olunur. Çünki İranda Aşura siyası tədbir, güc göstəricisi hesab olunur. Ümumiyyətlə, İranda məscidlərdən terror yuvası kimi istifadə olunur".
Günel CƏLİLOVA