Ermənistan Qarabağdakı separatçı rejimin nümayəndələri ilə birlikdə sülh danışıqlarını pozmaq üçün növbəti beynəlxalq kampaniyaya başlayıb.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The National Interest”də dərc olunmuş “Ermənistan Cənubi Qafqazda sülhü pozmaq istəyirmi?” adlı məqaləsində də bu barədə ətraflı danışır.
Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistan kampaniya aparıb diplomatik oyunlara girmək əvəzinə, Azərbaycanla sülh danışıqları və münasibətlərin normallaşdırılması ilə məşğul olmalıdır:
“30 ildən artıq müddətdə Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin təxminən 20 faizini işğal etmişdi. Orada yaşayan bir milyona yaxın azərbaycanlı öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalmış, öz ölkəsində məcburi köçkünə çevrilmişdi. 2020-ci ildə 44 günlük müharibədən sonra geri qaytarılan torpaqlarda Azərbaycanın mədəni və dini irsi, dövlət mülkləri və şəxsi mülklər misli görünməmiş şəkildə məhv edilib. Elə təkcə vaxtilə regionun ən böyük şəhərlərindən biri olan Ağdam o qədər dağıdılıb ki, indi onu “Qafqazın Hirosiması” adlandırırlar. Görünür, işğalçılar burada Azərbaycanın bütün izlərini məhv etmək istəyiblər”.
Bizə qarşı təşkil edilmiş kampaniyada erməni lobbisi ön plandadır
Azərbaycan Respublikası tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir çox media layihələri həyata keçirilir, internet portallar yaradılır. Bu mənada, yerli KİV-in dünya mediası ilə əlaqələrinin genişləndirilməsi məqsədi ilə də ətraflı müzakirələrin aparılmasına ehtiyac var. Ən azından bu gün Azərbaycanımızı, dünyada yaşayan azərbaycanlıların məsələlərinin dünya mediasında işıqlandırılması olduqca zəruridir.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında jurnalistlərin beynəlxalq əlaqələrinin də özünəməxsus rolu var. Əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin media nümayəndələri Azərbaycana səfərlər edirlər. Eləcə də bizim jurnalistlər bir sıra beynəlxalq tədbirlərdə iştirak edərək, onların təcrübəsindən yararlanmağa çalışırlar. Təbii ki, bu səfərlər dövlətlər arasında münasibətlərdə də öz sözünü deyir.
İnformasiya müharibəsində qalib gəlmək yönündə dünyanın nüfuzlu media qurumlarına azərbaycanlı jurnalistlərin inteqrasiya olunması müasir dövrümüzdə savadlı diplomatların, iqtisadiyyatçıların yetişdirilməsi qədər lazımlı məsələlərdəndir.
Erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar. Onların geniş maliyyə imkanları, əlaqələri var. Onlar yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar verirlər. Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir. Ancaq bu, əslində rüşvət deməkdir. Beləliklə, bizə qarşı təşkil edilmiş kampaniyada erməni lobbisi ön plandadır.
Azərbaycanın ən reytinqli internet saytlarının mütləq başqa dillərdə də variantları olmalıdır
Belə çirkin kampaniyalar Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etməyib və heç vaxt etməyəcək. Ancaq ona da hazır olmalıyıq ki, biz bundan sonra da müxtəlif xarici mətbu orqanlarda Azərbaycanla bağlı təhqiramiz, yalan, böhtan əsasında yazılmış məqalələrlə üzləşəcəyik. Nə etməli? İlk növbədə, biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün bu istiqamətdə fəal iş gedir. Həm dövlət orqanları, həm Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, həm də bizim mediamız bu sahədə böyük işlər görürlər. Gələcəkdə xarici dillərdə internet saytlarının sayı daha da çox olmalıdır. Bu gün bu saytlar var, ancaq biz onların sayını artırmalıyıq. Azərbaycanın ən reytinqli internet saytlarının mütləq başqa dillərdə də variantları olmalıdır. Çünki biz ölkə daxilindəki problemləri, əlbəttə ki, aşkar edirik, görürük, həll etməyə çalışırıq. Ancaq biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bunun üçün - fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində Azərbaycan lazım olan bütün addımları atır.
Azərbaycan jurnalistikasının üzərinə də böyük məsuliyyət düşür
Şübhəsiz ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Qarabağ münaqişəsinin əsas mahiyyətini dünyaya təlqin etməklə erməni yalanlarının ifşa edilməsi bu gün dövlət qarşısında dayanan vacib məsələlərdən biridir. Hər iki istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi üçün də Azərbaycanın diplomatiyası, qeyri-hökumət təşkilatları, dövlət orqanları ilə yanaşı, Azərbaycan jurnalistikasının üzərinə də böyük məsuliyyət düşür. Əslində, erməni yalanlarının ifşa edilməsi istiqamətində mediamızın apardığı mübarizənin çox böyük əhəmiyyəti var. Cənab prezidentin də vurğuladığı kimi, erməni yalanlarına qarşı mübarizə Azərbaycan mediasının gücünü göstərən əsas amillərdən biridir. Sözün açığı, bu sahədə bir sıra nailiyyətlər də əldə etmişik. Hətta elə bunun nəticəsidir ki, bir sıra beynəlxalq təşkilatlar Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qərar və qətnamələr qəbul edib.
Məhəmmədəli QƏRİBLİ Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.