Bir neçə gündür ki, erməni mediası Azərbaycan-Ermənistan şərti sərhədində güya Avropa missiyasının bizim tərəfdən atəşə tutulması ilə bağlı yalan məlumatlar tirajlayır. Əslində isə həm Ermənistandakı Avropa missiyasının özü, həm də Azərbaycanın rəsmi qurumları bu məlumatın həqiqətə uyğun olmadığını bəyan edir.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa Birliyinin müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır:
“Bildiririk ki, Avropa Birliyinin müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır.
Bu səbəbdən də Ermənistan Müdafiə Nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür".
AB-nin Ermənistandakı missiyasının özü də Azərbaycan Ordusunun müşahidəçilərə atəş açması xəbərini təkzib edib.
Bununla bağlı missiyanın X sosial şəbəkəsindəki rəsmi səhifəsində açıqlama yayılıb:
“AB-nin Ermənistandakı missiyasının heç bir patrulu atışmanın hədəfi olmayıb. Biz sərhəd bölgələrində patrul xidmətini həyata keçiririk və Brüsselə hərbi vəziyyət, o cümlədən məsuliyyət zonamızda baş verən atışma hadisələri barədə məlumat veririk”.
Çox maraqlıdır, Avropa Birliyi onun adı ilə bağlı tirajlanan erməni yalanlarına niyə etiraz etmir?
Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
Ermənistan öz xislətinə sadiq qalaraq, yenə tamaşa mahiyyətli siyasi şou göstərir: “Azərbaycan hələ o vaxtdan bu missiyanın heç də xoşməramlı olmadığını bəyan etmiş və bununla bağlı narahatlığını bildirmişdi. Sonrakı dönəmdə baş verən proseslər, xüsusən də bu gün yaşanan təxribatlar Azərbaycanın nə qədər haqlı olduğunu göstərmiş oldu. Belə ki, Ermənistan Müdafiə Nazirliyi ənənəvi təxribat üsulundan istifadə edərək bir dezinformasiya yaydı. Bəyan etdi ki, guya Azərbaycan Silahlı Qüvvələri Aİ müşahidəçilərinə atəş açıb.
Aİ-nin missiyası da Ermənistan Müdafiə Nazirliyinin bu məlumatının əsassız olduğunu ifadə etdi. “X” hesabından bəyan edildi ki, Avropa İttifaqı missiyasının heç bir patrulu atışma hədəfi olmayıb. Bundan sonra Aİ-nin missiyası paylaşımını sildi. Bir qədər sonra isə Aİ missiyası “X” hesabından əvvəlki təkzib paylaşımını təkzib edən paylaşım etdi, "atəş"i təsdiqlədi. Kimin atəş açdığı, hadisənin harada baş verdiyi dəqiq bilinməyən bir video da ortaya atdılar. Bununla da Aİ-nin Ermənistandakı missiyası nə qədər qərəzli və tərəfli olduğunu nümayiş etdirməklə Azərbaycan dövlətini növbəti dəfə haqlı çıxarmış oldu. Deməli bu missiya, əvvəlcədən də deyildiyi kimi, heç də sülhdə maraqlı deyil, əksinə, bölgədəki gərginliyi bir az da artırmaqda və sülh prosesini uzatmaqda maraqlıdır.
Rəsmi Brüssel bütün bu oyunbazlığa ona görə etiraz etmir ki, missiyanın əsl məqsədini bilir. Sözdə onlar monitorinq məqsədilə bölgəyə gəldiklərini desələr də, əslində açıq şəkildə Ermənistana dəstək ifadə edirlər, hətta onlarla şərik informasiya terroru ilə məşğul olurlar. Təbiidir ki, belə missiyanın gələcək hesabatları da heç kim tərəfindən ciddiyə alınmayacaq”.
Məhəmmədəli QƏRİBLİ