Birinci Qarabağ müharibəsindən sonra yüzlərlə azərbaycanlının taleyi naməlum olaraq qaldı. Əsir düşən bu insanlardan hələ də heç bir xəbər yoxdur. Dəfələrlə Azərbaycan tərəfi Ermənistana müraciət etsə də, nəticə əldə edilmədi.
İtkin kimi siyahıya alınan həmin insanların yaxınları, ailə üzvləri hələ də ümid edirlər ki, onlar haqqında bir məlumat olacaq. Hətta sağ olduğuna inananlar, ümidlərini üzməyənlər də var. İtkinlər istər mülki şəxslər, istərsə də hərbçilər arasında kifayət qədərdir. Onu da qeyd edək ki, Qarabağda erməni terrorçuları tərəfindən dinc əhalinin və hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi danılmaz faktdır. Ağlasığmaz işgəncələrə məruz qalan əsirlər ya dözməyib dünyasını dəyişib, ya da ermənilər tərəfindən qətlə yetirilib.
44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə tikinti-quruculuq işləri aparılan zaman aşkarlanan kütləvi məzarlıqlar onu deməyə əsas verir ki, ermənilər bu cinayəti məqsədli şəkildə həyata keçiriblər. Bildirək ki, belə məzarlıqlar bölgədə kifayət qədərdir. Aşkarlanan kütləvi məzarlıqlarda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilər, mülki şəxslər xüsusi amansızlıqla qətlə yetirilərək qazılmış quyularda kütləvi şəkildə basdırılıb.
Torpaqlarımız işğaldan azad edildikdən sonra ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların məzar yerlərinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyev “X”də paylaşım edərək bildirib ki, Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir: “Mülki şəxslərin və hərbi əsirlərin saxlandığı, qeyri-insani rəftara və işgəncələrə məruz qaldığı, öldürüldüyü və kütləvi məzarlıqlarda basdırıldığı Şuşa həbsxanası yaxınlığında 4 000 nəfər itkin düşmüş azərbaycanlının daha bir kütləvi məzarlığı müəyyən edilib. Ancaq Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir”.
Ermənistan tərəfi kütləvi məzarlıqların yerini deməməklə məsuliyyətdən yayınmaq istəyir. Bu isə cinayətdir.
“Ermənistan müharibədə uduzmasına baxmayaraq, hələ də…”
Siyasi şərhçi Ceyhun Musaoğlu "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, tarixin müxtəlif dövrlərində Ermənistan Azərbaycana qarşı vəhşiliklər törədib: "Ermənistan tərəfindən azərbaycanlılara qarşı kütləvi soyqırım həyata keçirilib. Bu faktlardan biri də 4000 azərbaycanlının itkin düşməsidir. Həmin 4000 azərbaycanlının taleyinə zaman-zaman aydınlıq gətirilir. Müxtəlif ərazilərdə qazıntı işləri aparılan zaman insan sümükləri aşkar olunur. Sonuncu dəfə isə Şuşada azərbaycanlıların sümükləri aşkar olunub”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənistan, müharibədə uduzmasına baxmayaraq, hələ də kütləvi məzarlıqların dəqiq xəritəsini Azərbaycana vermək istəmir. Elə mina ilə də bağlı vəziyyət eynidir. Ermənistan tərəfindən Qarabağda 1 milyondan çox mina basdırılıb. Minaların basdırıldığı ərazilərin dəqiq xəritəsini belə Azərbaycana vermir: “Kütləvi məzarlıqlarla da bağlı eyni mövqe sərgilənir. Hikmət müəllim düz deyir ki, Ermənistan cinayət məsuliyyətinə cəlb olunmamaq üçün xəritəni vermir. Onlar etdikləri bütün əməllərə görə beynəlxalq hüquq qarşısında cavab verməli olacaqlar”.
C.Musaoğlunun sözlərinə görə, 4000 valideyn, ailə övladları barəsində hələ də xəbər gözləyir. O ailələr heç olmasa övladının məzar yerini bilmək istəyir.
Günel CƏLİLOVA