Belə görünür ki, ABŞ Dövlət Departamentinin rəsmi təmsilçiləri Azərbaycanın suveren ərazisi sayılan və ermənilərin bütün vasitələrlə mübahisəli məsələyə çevirməyə çalışdıqları Laçın yolundakı cari vəziyyətin mahiyyətini ya anlamırlar, ya da anlamaq istəmirlər.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
Politoloq hesab edir ki, bu, indiki şəraitdə xüsusilə təhlükəlidir: “Ona görə ki, Ermənistanın təşəbbüsü ilə BMT TŞ-nin Laçın yolunu müzakirəyə çıxarmasına saatlarla vaxt qalır. TŞ-də veto hüququna malik super dövlətlərdən biri olaraq ABŞ-ın bu məsələdə obyektiv anlayış mövqeyində olması çox vacibdir.
Dövlət Departamentinin rəsmi sözçüsü Vedant Patelin bu səhər brifinqdə dediyi sözlər ABŞ-ın Laçın yolundakı gerçək vəziyyətin mahiyyətindən fərqli düşüncədə olduğunu göstərir və milyonlarla azərbaycanlının narahatlığına səbəb olur. Məsələn, cənab Patelin tək bu fikri Departamentin yanlış mövqedə olduğunu ifadə edir - Patel deyir ki, "ABŞ ermənilərin İrəvanla və xarici dünya ilə əlaqəsini təmin edən Laçın yolunun blokadaya alınmasından, yolun humanitar, kommersiya və şəxsi nəqliyyat vasitələrinə bağlı olmasından narahatdır". İndi baxın ki, belə düşüncədə olan ölkənin BMT TŞ-dəki təmsilçisi o müzakirələrdə hansı mövqedən çıxış edəcək.
Patelin yanlış anlayışı odur ki...
1. Laçın yolu blokadaya alınmayıb.
2. Laçın yolu Azərbaycanın suveren ərazisi olduğu üçün orada nəzarət məqsədilə buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren haqqıdır.
3. Laçın yolu humanitar yardım daşıyan BQXK avtomobillərinə bağlı deyil.
4. Xankəndinin köklü sakinlərinin öz şəxsi avtomobilləri ilə İrəvana və geriyə gediş-gəlişinə məlum qanuni prosedurlar çərçivəsində heç kim qadağa qoymayıb.
5. Daha böyük həcmdə humanitar yüklərin daşınması üçünsə Azərbaycan Bərdə-Ağdam-Xankəndi yolunu alternativ kimi təqdim edib. Ermənistan bu təklifi əsassız iqnor edir.
6. Kommersiya avtomobillərinə gəldikdə isə bu kateqoriya altında hansı avtomobillərin nəzərdə tutulduğu hələ aydınlaşdırılmalıdır...”
Tahir TAĞIYEV