İrəvandakı mülki Avromissiyanın öz missiyasına azacıq hörməti qalıbsa, gecikmədən 2-ci təkzib bəyanatı ilə çıxış etməlidir. Çünki 1-ci təkzib yetərli olmadı, ermənilər öz mənafeləri naminə Avropa missiyasını alətə çevirdilər.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Nə baş verdi?
1. Avqustun 15-də Ermənistan müdafiə nazirliyi məlumat yaydı ki, Azərbaycan hərbçiləri Avropa mülki missiyasının sərhəddə monitorinq aparan patrullarını atəşə tutub.
2. Bunun ardınca dərhal Azərbaycan Müdafiə Nazirliyi təkzib etdi ki, yayılan məlumat tamam yalandır.
3. Bunun ardından Avromissiyanın İrəvandakı rəhbərliyi təkzib yaydı ki, "bizim heç bir patrulumuz atəşlərə hədəf seçilməyib və işimizi davam etdiririk.
4. Az sonra Ermənistan mediası yeni xəbər yaydı və iddia etdi ki, Avromissiyanın patrulu missiyanın məsuliyyət zonasında(?) atışmada olub. Erməni mediası manipulyasiyalara başladı ki, guya bu məlumat Avropa İttifaqı missiyasının Ermənistan MN-in xəbərinə verdiyi təkzibin təkzibidir. Qısa desək, ermənilər avropalı patrulun tərəfimizdən atəşə tutulduğu barədə xəbərin həqiqət olduğuna inandırmağa çalışır.
Yekun - məncə Avropa Birliyinin İrəvandakı mülki missiyası növbəti, 2-ci təkzibi yaymalıdır ki, avropalı patrullar Azərbaycan hərbçilərinin hədəfi olmayıblar. Bu təkzib bizdən daha ötə Avromissiyanın öz mənafeləri üçün lazımdır.
Bunun ardınca isə Avropa missiyasının Ermənistan tərəfdə Laçın yolunun başında ermənilərin heç bir eskalasiya aparmadıqları barədə özünün əvvəlki məlumatlarının da təkzibini gözləyirik...
Tahir TAĞIYEV