Ermənistan mediası dezinformasiya və saxta xəbər yaymaqda çox pərgardır. 44 günlük Vətən müharibəsindən sonra saxta xəbər yaymaqda daha da aktivləşən erməni mediası Laçın yolu ətrafında manipulyasiyalarını davam etdirir.
Aysor.am-ın iddiasına görə, guya Baqramyan 26 Teleqram kanalı "etibarlı mənbəyə" "istinad" edərək məlumat yayıb ki, "Arsax hakimiyyətindən" gizli şəkildə Rusiya sülhməramlıları azərbaycanlılarla razılaşaraq rus bazasının 10-a yaxın mülki əməkdaşını Laçın dəhlizi ilə Ermənistana aparıblar. Bunlar Laçın sərhəd-buraxılış məntəqəsindən rahatlıqla keçən mülki erməniləri mülki ruslar kimi qələmə verirlər və iddia edirlər ki, guya sərhəddən keçənlər rus mülki şəxsləri olub.
Təbii ki, bu, yalandan başqa bir şey deyil. Separatçılar indi də sərhəddəki humanistliyimizi qaralayırlar.
Ermənilər Laçın yolunda 10 mülki sülhməramlı barədə yalan iddianı niyə uydurublar?
Mövzunu “Bakı-Xəbər"ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev "Ermənilərin Laçın yolunda süni şəkildə ajiotaj yaratmalarının səbəbi bəllidir. Onlar sərhəd keçid məntəqəsinin ləğvini istəyirlər. Erməni rəhbərliyi bir çox beynəlxalq təşkilatlara müraciət edərək, humanitar böhran yaranması ilə bağlı yalan-yanlış məlumatlar verir. Əsas məqsədləri isə Laçın dəhlizinin tam şəkildə rusların nəzarətinə keçməsini təmin etməkdir. Lakin hadisələr göstərir ki, bu mümkün olmayacaq. Çünki faktiki olaraq təbii sərvətlərimiz dağıdılıb məhv edilir və oğurlanır. Ümumiyyətlə, Azərbaycan ərazisində yaşayan ermənilərin silah-sursat və qadağan edilmiş məhsullar gətirməsi də göstərdi ki, sərhəd keçid məntəqəsi mütləq şəkildə fəaliyyət göstərməlidir.
İndi isə ermənilər Rusiya ilə Azərbaycanın danışıqlara getməsi ilə bağlı cəfəngiyatlar uydururlar. Bu isə Ermənistanın növbəti təxribatıdır və Qərbə doğru meyllənmənin göstəricisidir. Sülh danışıqlarının aktuallaşdığı bir dönəmdə ermənilərin beynəlxalq ictimaiyyətə Laçın yolu ilə bağlı yalan məlumatlar vermələrinin səbəblərini müxtəlif prizmadan şərh etmək olar"-deyə bildirdi.
B. Quliyevin sözlərinə görə, bu həm tərəf göstərmək, həm Rusiyaya mesaj göndərmək, həm də sülh danışıqlarını gecikdirmək anlamına gəlir. "Bu cür təhdid və təxribatlar mənasızdır. Artıq bütün dünya Azərbaycanın haqlı olduğunu və öz torpaqlarında qanuni işlər həyata keçirdiyini bilir.
Xatırladım ki, Qarabağda qeyri-qanuni yaradılmış qondarma rejim tərəfindən hər hansı addım qəbuledilməzdir və yalnız qıcıq doğurur. Cənab Prezident qeyd etdi ki, ermənilər yaratdıqları qondarma dövləti buraxıb bağışlanmaq üçün bizə müraciət etsələr, bu zaman biz bu məsələyə baxa bilərik. Fakt budur ki, Azərbaycan ərazisində heç bir qondarma dövlət fəaliyyət göstərə bilməz. Qarabağda yaşayan ermənilər isə Azərbaycan qanunları çərçivəsində yaşamağa davam edə bilərlər. Birmənalı olaraq Azərbaycanda etniklərə və onların mədəniyyətlərinə hörmətlə yanaşılır və onlar ölkəmizdə yalnız Azərbaycan hüquq və qanunları çərçivəsində yaşayırlar"-deyə B.Quliyev vurğuladı.
İradə SARIYEVA