Erməni separatizminin tam olaraq kökünü qazmaq artıq zərurətə çevrilib. Bizim torpaqlarımızda məskunlaşan separatçı dəstə Azərbaycana qarşı təxribatlardan əl çəkmək istəmir. Cinayətkar Araik Arutyunyanın "lider"i olduğu separatçılar Azərbaycana qarşı yeni təxribata hazırlaşır və onların daha dəhşətli planlar hazırladığı yayılan məlumatlardan məlumdur.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur.
Bildirilib ki, ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzunmüddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub.
Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalini kütləvi şəkildə silahlandırması faktları da məlum olub.
Erməni separatçıları bu qurğunu təyyarələrin uçuşuna mane olmaq üçün qururlar. Bu halda Azərbaycan təyyarələrinin separatçılar tərəfindən vurulma ehtimalı nə qədərdir?
Hərbi ekspert İbrahim Rüstəmli "Bakı-Xəbər"ə şərhində "Əvvəla, onu demək istəyirəm ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan erməni silahlı qüvvələrinin bütün infrastrukturunu sıradan çıxardı. Dünənə kimi tərif edilib şişirdilən, fantastik şəkildə göylərə qaldırılan Ermənistan ordusu demək olar ki, məhv edildi. Onun bütün infrastrukturu sıradan çıxarıldı. Əlaqə, rabitə sistemləri, hava hücumundan müdafiə sistemləri, kommunikasiya xətləri və sair, hər şey məhv olundu. Bu gün onların yenidən revanş götürməsi, revanşist qüvvələrin baş qaldırması əslində bölgədə maraqları toqquşan dövlətlərin fəaliyyəti kimi dəyərləndirilə bilər. Məsələn, Rusiyanın, Fransanın, İranın və sair. Bizi düşündürən odur ki, burada Azərbaycan təyyarələrinin vurulması ehtimalı varmı? Belə bir təhlükə gözlənilə bilərmi? Əgər təyyarə əleyhinə hər hansı bir qurğu quraşdırılırsa, bu qurğuların əsas missiyası təyyarələri müəyyənləşdirmək və onların fəaliyyətini məhdudlaşdırmaq, yaxud dondurmaq, onları məhv etməkdirsə, demək bu ehtimal var. Lakin bu ehtimalın sıfıra endirilməsi üçün Azərbaycan ordusunda kifayət qədər ciddi tədbirlər həyata keçirilir"-deyə bildirdi.
İ. Rüstəmlinin sözlərinə görə, bu tədbirlər təbii ki, 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də öz nəticəsini verəcək. O vurğuladı ki, 44 günlük müharibədə biz yalançı obyektlərdən istifadə etdik və Ermənistan ordusunun hava hücumundan müdafiə qüvvələrinə məxsus sistemlərin yerini və koordinasiyasını müəyyənləşdirib onları sıradan çıxardıq. " İndi isə "b" variantından istifadə etmək lazım gələcək. Amma bu variant haqqında danışmağa lüzum yoxdur. Ancaq hər halda köhnə variant bu gün işləməyəcək. Artıq ermənilər bunun özündən dərs götürüblər. Bəli, təyyarələrin vurulma ehtimalı var, ancaq Azərbaycan ordusunun bu məsələ ilə bağlı həyata keçirdiyi qabaqlayıcı tədbirlər bu ehtimalı sıfıra endirə bilər. Yəqin ki, ordu mənsubları, cənab Ali Baş komandan bu məsələni şəxsən öz nəzarətində saxlayır. Bilirsiz ki, son müddət ərzində Qarabağ iqtisadi rayonunda çox ciddi hərbi infrastrukturlar formalaşdırılır, yeni hərbi hissələr yaradılır, belə demək mümkünsə, yeni müdafiə xətləri, müdafiə sistemləri quraşdırılır. Bütün bunlar bu ehtimalın sıfırın alt qatında olduğunu göstərə bilər. İnanıram ki, bu belə də olacaq"-deyə İ. Rüstəmli vurğuladı.
Əli TURABOV