"Mənə elə gəlir ki, sizin səfirlər maşınlarının altındakı bombalara görə çox darıxır". Bunu "X" (Tvitter) sosial şəbəkəsində milliyyətcə erməni olan şəxs paylaşıb.
"Yeri gəlmişkən, Azərbaycanın Fransadakı səfirinə erməni-fransız münasibətlərinin inkişafına görə təşəkkür edirik. Biz ona toxunmayacağıq", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, bu, ermənilərin rəsmi Bakıya növbəti hədə-qorxu, təzyiq vasitəsindən biridir. Bu üsul Ermənistan dövləti, lobbisi üçün heç də yad üsul deyil. Ermənistan həm dövlət, həm də diaspor fəaliyyətində əsl terrorçu simasını məhz ASALA kimi terror təşkilatları vasitəsilə tarixin müxtəlif dövrlərində nümayiş etdirib.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın ABŞ-dakı ovaxtkı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da ermənilərin təhdidlərinə məruz qalmışdı. Belə ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) öz "Tvitter" hesabında səfirimizə qarşı nifrət aşılayan kampaniyaya başlamışdı.
ANCA paylaşımlarında nifrət və təhdidlər yağdırır, səfiri müharibə cinayətlərində ittiham edirdilər. Komitənin bu addımından cəsarətlənən ermənilər də təhdid və təhqir dolu postlar yayımlamaqdan çəkinmir.
Erməni terrorçularının Azərbaycan səfirlərinə qarşı təhdidlərinin açıq müstəviyə keçməsi nəyin əlamətidir?
"Son zamanlar erməni terrorçuları tərəfindən Azərbaycan rəsmilərinə qarşı təhdidlərin sayı artıb, ancaq…"
Siyası şərhçi Mətin Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, son zamanlar erməni terrorçuları tərəfindən Azərbaycan rəsmilərinə qarşı təhdidlərin sayı artıb: "Məlumat üçün deyim ki, ermənilərin terror keçmişi var. 1970-1980-ci illərdə ASALA və digər terrorçi qruplar tərəfindən türk diplomatlarına qarşı terror törədildi. Nəticədə xeyli sayda türk diplomatı sağlamlığını və həyatını itirdi. Zamanla ermənilər tərəfindən bu cür təhdidlər səsləndirilib. Onu da deyim ki, Qarabağda qeyri-qanuni məskunlaşan rusiyalı kriminal oliqarx Ruben Vardanyan bir qədər irəli gedərək, Azərbaycan prezidentinin ailə üzvlərini belə terrorla hədələmişdi. Bütün bunlar ondan xəbər verir ki, Ermənistan artıq prosesi uduzub. Son silah olaraq da terroru yenidən gündəmə gətirir. Bu vasitə insanlıq əleyhinə ən ağır cinayət hesab olunur. Onlar hesab edir ki, bununla ölkəmizə qarşı nəyəsə nail ola biləcəklər. Ümumiyyətlə, terror zəiflərin silahı hesab olunur. Ermənistan güclü Azərbaycan qarşısında zəif olduğunu dərk edir. Bu səbəbdən də çıxış yolu kimi terroru üstün tutmağa çalışır. Ancaq onların bu istəkləri, düşüncələri gerçək olmayacaq. Dövlətimiz tərəfindən terrorçular layiqli şəkildə cəzalandırılacaq".
Günel CƏLİLOVA